EN

Rusiya-Ukrayna müharibəsinin bitməsi bir çox faktordan asılıdır-MÜSAHİBƏ

 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “Yeni Müsavat” Media Qrupa müsahibə verib. Müsahibədə Azərbaycanla Ermənistan arasında sülh sazişi, Rusiya-Ukrayna müharibəsinin gedişatı, regional və qlobal siyasətdə baş verən digər proseslər əhatə olunub. Müsahibənin birinci hissəsi ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://musavat.com/news/tekce-xankendide-yox-basqa-yerlerde-de-texribat-ola-biler-ferid-sefiyev-ile-musahibe_1201284.html

Müsahibənin ikinci hissəsində BMTM-nin rəhbəri qlobal siyasətdə baş verən hadisələr və bu hadisələrin Azərbaycana təsirlərini şərh edib:

- Rusiya-Ukrayna müharibəsi 3 ildən çoxdur davam edir. Bəzi ekspertlərə görə, müharibənin davamlı olması bir çox dövlət və böyük korporasiyalar üçün sərfəlidir. Necə düşünürsünüz, müharibə nə vaxta qədər davam edəcək? Nə zaman bitəcək? 

- Müharibələrin olmasının hərbi sənaye kompleksləri üçün sərfəli olması ilə bağlı nəzəriyyələr hər zaman mövcud olub. Digər tərəfdən, sülhün olması ticarət üçün önəmlidir. İqtisadi əməkdaşlıqdan əldə olunan gəlir daha önəmlidir fikrində olanlar isə daha çoxdur. Rusiya-Ukrayna müharibəsinin bitməsi bir çox faktordan asılıdır. Rusiyanın hədəfi aydındır - işğalı hüquqi cəhətdən tanıtmağa çalışır. Hətta Zelenski hakimiyyətdən getsə belə, onun yerinə gələcək şəxsin bununla razılaşacağına inanmıram. Digər tərəfdən, Rusiya başqa dövlətlərin, xüsusilə ABŞ-nin bununla razılaşmasını istəyir. Bu zaman bir neçə ssenarini nəzərdən keçirmək olar. Məsələn, Koreya nümunəsi - iki Koreya arasında təmas xətti mövcuddur. Faktiki olaraq, Şimali Koreya və Cənubi Koreya BMT üzvü kimi tanınıb. Digər variant Yaxın Şərq variantıdır. İsrail Fələstini nəzarətdə saxlayır, hüquqi cəhətdən tanınmasa da, demək olar ki, hər kəs vəziyyəti qəbul edib. Bölgədə isə mübarizə davam edir. Üçüncü variant isə Finlandiya variantıdır. Finlandiya müharibəni uduzduqdan (SSRİ-Finlandiya arasında Qış müharibəsi (1939-1940) nəzərdə tutulur - red.) cənub-şərq və şərq bölgələri Rusiyaya daxil edilib. Finlandiya o zamandan etibarən neytral siyasət aparır, NATO-ya qoşulmadığını bildirir. 2023-cü ilə qədər bu siyasət effektiv idi. Finlandiya variantı daha mürəkkəbdir. 

Ukraynanın NATO-ya qəbul edilməməsi məsələsinə inana bilərəm, amma ərazilərinin işğalı faktı ilə razılaşmalarına inanmıram. Buna görə də hesab edirəm ki, müharibə davam edəcək. Rusiyanın daxili siyasəti, iqtisadiyyatı ilə bağlı isə düşünürəm ki, sərt sanksiyalar qəbul edilməsə, ciddi risklər gündəmə gəlməyəcək. 2022-ci ildə Rusiya iqtisadiyyatının tənəzzül edəcəyi barədə proqnozlar var idi, amma nəticə göz önündədir, iqtisadi vəziyyət hələ ki kritik deyil. İran, Kuba, Şimali Koreya illərdir sanksiyalar altında yaşayırlar. Buna baxmayaraq, Rusiyada müəyyən dərəcədə narazılıq var. İnsanlar bunu ifadə etməkdən qorxurlar, amma müəyyən təbəqə Rusiyada pul qazanır, Avropada mülk alır, uşaqları Avropa ölkələrində təhsil alır. Rusiyalı aristokratlar hər zaman Avropada zaman keçirməkdən zövq alıblar, amma Rusiyanın özəl rolu haqqında heç zaman danışmayıblar. Bu cür paradokslar hər zaman olub. Görünən odur ki, hələ ki hər şey nəzarət altındadır, amma Rusiyada elə hadisələr olur ki... 1991-ci ildə SSRİ qəfil süqut etdi. Monolit ölkə kimi görünsə də, anidən inqilabi hadisələr baş verə bilər. 

- Sizcə, bu şəraitdə razılaşdırılmış sülh olacaq, ya dondurulmuş münaqişə?

- Məncə, ikinci variant olacaq.

- Müharibənin davam etməsi  Cənubi Qafqaza necə təsir edəcək?

- Rusiya müharibədə nəsə əldə etsə, Cənubi Qafqazda təsirini gücləndirmək üçün müvafiq addımlar ata bilər. Digər tərəfdən, Rusiyanın təsirləri təkcə Cənubi Qafqazda deyil, Mərkəzi Asiyada da zəifləyir. 

- Rusiya-Ukrayna müharibəsində NATO-nun rolunu necə dəyərləndirirsiniz? Rusiya Polşaya dronlar göndərməklə nəbz yoxlayır, yoxsa NATO həqiqətən artıq təsir gücünü itirib? Polşaya hücum kollektiv müdafiə mexanizmlərinin gücləndirilməsi üçün bir siqnaldırmı?

- Rusiya nəbz yoxlayır. Kollektiv müdafiə mexanizmlərinin gücləndirilməsinə ehtiyac yaranıb. Polşaya dəstək üçün müəyyən addımlar atılıb. ABŞ Administrasiyasının yanaşması budur ki, Avropa ölkələri müdafiəyə daha çox sərmayə cəlb etməli, özlərini müdafiə etməlidirlər.

- Avropa bununla razılaşacaqmı?

- Düşünürəm ki, bəli, razılaşacaq.  

- Təsir gücünü itirdiyi deyilən qurumlardan biri də BMT-dir. Bu il ərzində bir çox beynəlxalq tədbirdə fikirlər səsləndi ki, BMT münaqişələrin həlli istiqamətində və bir çox başqa istiqamətdə funksiyalarını tam yerinə yetirə bilmir. Struktur və yanaşma dəyişməlidir. Sizin bu barədə yanaşmanız necədir?  

- Ötən əsrin 90-cı illərindən etibarən BMT Təhlükəsizlik Şurasının genişləndirilməsi və başqa istiqamətlərdə müzakirələr aparılır. 30 il keçib, heç bir irəliləyiş yoxdur. Belə şəraitdə nəyəsə nail olmaq çətindir. Çünki BMT TŞ-nin daimi üzvləri vetoya malik olan ölkələrdir. Onlar da dəyişiklik istəmirlər. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, qlobal kataklizm, 3-cü Dünya müharibəsi olmasa, BMT-də heç bir dəyişiklik olmayacaq. Qlobal dəyişikliklər hər zaman böyük müharibələrdən sonra olur.  

- Son dövrlər Azərbaycanın çoxtərəfli diplomatiyasının dividentlərindən çox danışılır. İstərdim, bu barədə siz də fikirlərinizi bildirəsiniz. Məlum olduğu kimi, Suriya və İsrail rəsmiləri Bakıda görüşüblər. Bu baxımdan Azərbaycanın Yaxın Şərqdə baş verən son proseslərdəki vasitəçilik cəhdləri ilə bağlı mövqeyinizi də öyrənmək istərdik.

- Ümumiyyətlə, Azərbaycanın siyasi nüfuzu günü-gündən artır. Müxtəlif regionlar, Qlobal Cənubla bağlı planlar var. Müəyyən siyasi gedişdən sonra müəyyən iqtisadi imkanlar yaranır. Çox güman ki, bu istiqamətdə səylər artırılacaq. Təbii ki, bunun üçün sərmayə lazımdır. Nəticə etibarilə, Azərbaycan dividentlər qazanmalıdır. Bu da həm daxili, həm də xarici konyunkturadan asılıdır. Təkcə Azərbaycanda yox, xarici ölkələrdə də çox sərmayə qoyulması ilə bağlı suallar verilir. BMT-nin fəaliyyəti qeyri-effektiv hesab oluna bilər, lakin xatırlatmaq istərdim ki, BMT TŞ-nin qətnamələri sayəsində Azərbaycan ərazilərinin işğalı faktı hüquqi cəhətdən tanınıb. BMT yaradılmadan öncə ərazilərin işğalı tarixdə yalnız fakt kimi qalırdı. Azərbaycan hərbi yolla ərazi bütövlüyünü bərpa etdi. Mən çoxtərəfli diplomatiyanın vacib olduğuna inanıram.  

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”



Chosen
24
1
musavat.com

2Sources