EN

Müasir tariximizə qızıl hərflərlə yazılan şanlı səhifə ŞƏRH

ain.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Azərbaycan 30 illik işğal dövründə Qarabağ məsələsinin daim sülh danışıqları əsasında çözülməsinə çalışırdı. Baxmayaraq ki, Ermənistan danışıqlar prosesinə imitasiya naminə qatılıb vaxt qazanmağa səy göstərirdi. Dövlətimizin real həqiqətlərə, tarixi faktlara əsaslanan siyasəti nəticəsində əldə edilən diplomatik uğurlar İkinci Qarabağ müharibəsində əhəmiyyətli rol oynadı. 44 gün ərzində 30 illik işğala son qoymaq bir daha Azərbaycan dövlətinin qətiyyətini, ordumuzun gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirdi.

İkinci Qarabağ müharibəsində qazandığımız tarixi Zəfərdən sonra Azərbaycan dəfələrlə Ermənistana davamlı sülh üçün çağırışlar etsə də, işğalçı dövlət hər dəfə danışıqlardan boyun qaçırır, bununla da kifayətlənməyərək suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirirdi. Qarabağ Zəfərinin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqlarına və qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı həyata keçirilmiş antiterror əməliyyatını zəruri edən bir neçə amil var idi.

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata baxmayaraq, Ermənistan silahlı birləşmələri Qarabağdan tam çıxarılmamışdı və qarşı tərəf qeyri-qanuni erməni silahlı dəstələrinin tərk-silah edilməsi, ərazidən çıxarılması ilə bağlı tədbir görmürdü. Əksinə, qanunsuz silahlı dəstələrin təminatı məsələləri Ermənistan dövləti tərəfindən həyata keçirilir, Qarabağa hərbi sursat və silah daşınması davam edirdi. Digər tərəfdən, Azərbaycan Ordusunun mövqeləri ilə üzbəüz yerlərdə fəal mühəndis-istehkam işləri aparılır, kəşfiyyat-diversiya qruplarının aktivliyi artır, ərazi və yollar yenidən minalanırdı.

Ermənistan tərəfinin təxribatları bununla da bitmirdi. 2023-cü il sentyabrın 2-də baş nazir Nikol Paşinyan qondarma “Dağlıq Qarabağın müstəqillik bəyannaməsi”nin “ildönümü” ilə əlaqədar separatçı rejimə təbrik müraciəti ünvanlamışdı. Sentyabrın 9-da Azərbaycanın Qarabağ bölgəsində qondarma “prezident seçkiləri” keçirilmişdi. Separatçı qüvvələrin yeni bir hakimiyyət formalaşdırmaq cəhdləri və qeyri-qanuni silahlı dəstələrə maddi-siyasi dəstək verilməsi Ermənistanın daha böyük hərbi təxribatlara hazırlaşdığını göstərirdi. Beləliklə, özündə kapitulyasiya aktını ehtiva edən üçtərəfli Bəyanatın imzalandığı vaxtdan üç il keçməsinə baxmayaraq, davam edən təxribatlar və terror aktları antiterror əməliyyatının keçirilməsini labüd edirdi.

Nəyi, nə vaxt etməyi yaxşı bilən Ali Baş Komandan tərəfindən Ordumuza müvafıq tapşırıq verildi və sentyabrın 19-da lokal xarakterli antiterror tədbirləri başladıldı.Antiterror əməliyyatına Quru Qoşunlarının komando, mexanikləşdirilmiş və motoatıcı bölmələrinin, Hərbi Hava Qüvvələrinin, Hərbi Dəniz Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin bir sıra qrupları, eləcə də raket-artilleriya və mühəndis-istehkam bölmələrinin məhdud sayda şəxsi heyəti və döyüş texnikası cəlb olunmuşdu. Düşmənin uzun müddətdən bəri qurduğu və möhkəmləndirdiyi mövqelərini əməliyyata cəlb edilmiş bölmələrimiz yüksək peşəkarlıq sayəsində məharətlə yarıb keçə bildi. Vətən müharibəsində olduğu kimi, Ali Baş Komandanın əsas tapşırığı bundan ibarət idi ki, əməliyyat şəxsi heyət arasında minimum itki ilə keçirilsin. Bu məqsədlə Ordumuzun arsenalında olan yüksək dəqiqliyə malik silahlardan düşmənin legitim hədəflərinə zərbələr endirildi. Dəqiq zərbələrlə düşmənin 1761 hədəfi sıradan çıxarıldı. Tapşırıqların icrası zamanı qarşılıqlı əlaqədə hərəkət edən bölmələrimiz bütün istiqamətlərdə uğurla hərəkət edərək düşmənin 90-dan çox döyüş mövqeyini ələ keçirdi.

Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməyib. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
7
1
sesqazeti.az

2Sources