Aida xanım İmanquliyeva yalnız Azərbaycan elminin parlaq nümayəndəsi deyildi, həm də övladlarına aşıladığı yüksək əxlaq və mənəvi dəyərlərlə xalqımıza örnək oldu. Onun tərbiyə etdiyi övladlar, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, dövlətimizin inkişafı naminə yorulmadan çalışan Mehriban xanım Əliyeva və elm, təhsil və ictimai fəaliyyət sahəsində mühüm xidmətləri ilə tanınan professor Nərgiz xanım Paşayeva bu gün Aida xanımın əbədiyaşar ideyalarını, nəcib amalını uğurla davam etdirirlər. Mehriban xanım öz fəaliyyətində milli-mənəvi dəyərlərə sədaqət, sərhəd tanımayan xeyirxahlıq və humanizm nümunəsi sərgiləyərək müasir Azərbaycanın inkişafına əvəzsiz töhfə verir. Nərgiz xanım isə filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü olaraq həm elmi mühitdə, həm də təhsil sahəsində qurucu fəaliyyəti ilə tanınır və ziyalı qadın obrazını daha da zənginləşdirir.
Elmi fəaliyyətində Aida xanım ərəb ədəbiyyatı və Şərq-Qərb ədəbi-mədəni əlaqələri istiqamətində apardığı sanballı tədqiqatları ilə dünya ərəbşünaslığında özünəməxsus mövqe qazanmışdır. Onun dərin analitik düşüncəsi və elmi araşdırmaları yalnız Azərbaycan elminə deyil, ümumilikdə dünya ədəbiyyatına da mühüm töhfə olmuşdur. Lakin Aida xanım təkcə görkəmli alim kimi deyil, həm də xeyirxah, müdrik və kübar bir insan kimi yaddaşlarda silinməz iz buraxmışdır.
Aida İmanquliyevanın həyatı və yaradıcılığı hər bir azərbaycanlı üçün mənəviyyat, kamillik və müdriklik örnəyidir. Onun əsərləri dəfələrlə nəşr olunmuş, tərcümə edilərək dünyaya yayılmış, ideya və amalları isə gənc nəsil üçün həmişəlik bir örnək olmuşdur. Bu gün onun xatirəsinə həsr olunan müsabiqələr, araşdırmalar və əsərlər alimin elmi irsinin yaşadığını sübut edir. Bu gün müstəqil Azərbaycanda, demək olar ki, Aida xanımın bütün arzuları gerçəkləşmişdir. Respublikamız İslam dünyası ilə yalnız elmi və mədəni deyil, həm də ən yüksək səviyyədə siyasi və iqtisadi əlaqələr qurmuşdur. Bu proseslərdə Aida xanımın vaxtilə irəli sürdüyü ideyalar, onun elmi irsi bu gün də yaşayır və dövlətimizin inkişafına xidmət edir.
Onun həyatı sübut etdi ki, qadın yalnız ailədə deyil, həm də elm və ictimai həyatda mühüm rol oynayaraq xalqının tərəqqisinə, dövlətinin qüdrətinə əvəzsiz töhfələr verə bilər. Aida xanım İmanquliyeva bu mənada Azərbaycan qadınının elm, mədəniyyət və diplomatiya sahəsindəki rolunun parlaq nümunəsidir.
Qısa, amma son dərəcə mənalı və şərəfli ömür yaşayan Aida xanım İmanquliyeva həyatın bütün sınaqlarından alnıaçıq çıxmış, elm və mənəviyyat sahəsində dərin iz qoymuşdur. Onun nurlu xatirəsi Azərbaycan xalqının qəlbində hər zaman yaşayacaqdır.
Aida xanım İmanquliyevanın zəngin elmi irsini, ailə dəyərlərini və yüksək şəxsiyyətini dərin ehtiramla xatırlayır, onun əziz xatirəsini böyük məhəbbətlə yad edirik. Fəxrlə deyə bilərik ki, bu gün Aida xanımın ruhu şaddır. Çünki onun qoyub getdiyi nəcib əməlləri yaşadan, yolunu davam etdirən övladları və nəvələri var".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31