EN

Azərbaycanın Baş nazirinin Qırğızıstana işgüzar səfəri

Sentyabrın 18-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qırğız Respublikasına işgüzar səfərə gedib.

Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

***

Həmin gün Baş nazir Əli Əsədov Bişkek şəhərinə işgüzar səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş nazirlərinin/Vitse-prezidentinin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə görüşündə iştirak edib.

Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Qırğızıstan Prezidenti Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş nazirlərinin/Vitse-prezidentinin ilk görüşünün iştirakçılarını salamlayıb.

Ə.Əsədov Prezident İlham Əliyevin salamlarını və ən xoş arzularını Prezident Sadır Japarova çatdırıb. Baş nazir, həmçinin Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlıq əlaqələrinin gündəliyində duran aktual məsələlərə toxunub.

***

Dünən Bişkekdə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin görüşü keçirilib. Azərbaycanın Baş naziri Əli Əsədov görüşdə iştirak edib.

Tədbirdə çıxış edən Ə.Əsədov türk dövlətlərinin səylərinin birləşdirilməsinin sabitlik, təhlükəsizlik və rifahın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qarşılıqlı faydalı əməkdaşlığın TDT-yə üzv ölkələr arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, iqtisadi potensialın gücləndirilməsi və nəqliyyat dəhlizlərinin şaxələndirilməsi üçün yeni imkanlar açdığı diqqətə çatdırılıb.

İqtisadi əməkdaşlığın dinamikasından məmnunluq ifadə edən Baş nazir cari ilin yanvar-iyul aylarında Azərbaycanın TDT dövlətləri ilə ticarət əlaqələrinin 8 faizdən çox artdığını diqqətə çatdırıb. İnvestisiya sahəsində əməkdaşlıq barədə danışan Baş nazir Azərbaycan tərəfindən təşkilatın üzv ölkələrinə yatırılan sərmayələrin həcminin 21 milyard ABŞ dollarına yaxın olduğunu vurğulayıb.

Türk dövlətləri arasında nəqliyyat sahəsində əməkdaşlığın artan xətt üzrə inkişaf etdiyi və regional əlaqələrin möhkəmlənməsinə əhəmiyyətli töhfə verdiyi vurğulanıb. “Türk dövlətlərinin ərazisindən keçən və təkcə regionumuz üçün deyil, həm də qlobal ticarət və nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından strateji rol oynayan Orta Dəhlizin önəmi getdikcə artmaqdadır. Bu kontekstdə Azərbaycanın əsas ərazisinin Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinə dair bu yaxınlarda Vaşinqtonda əldə edilmiş razılaşmalar tarixi əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizinin açılması bütün region dövlətlərinə yeni iqtisadi və tranzit fürsətləri qazandırmaqla yanaşı, Orta Dəhlizə inteqrasiya olunmaqla, onun ötürücülük qabiliyyətini artıracaq”, - deyə Ə.Əsədov qeyd edib.

Görüşün nəticələrinə dair TDT-yə üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin Birgə Bəyanatı qəbul edilib.

XQ

Chosen
40
7
xalqqazeti.az

10Sources