EN

Parisdə kütləvi etirazlar: 300-dən çox saxlanılan var

Fransada davam edən kütləvi etiraz aksiyaları ölkə üzrə həyatın müxtəlif sahələrinə ciddi təsir göstərib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, etiraz yürüşlərindən əvvəl Marseldə çıxış edən solçu “İtaətsiz Fransa” partiyasının lideri Jan-Lyuk Melanşon aksiyaların qaçılmaz olaraq siyasi nəticələr doğuracağını bəyan edib.

 

O bildirib ki, Baş nazir Sebastyan Lekorn parlamentin dəstəyini qazana bilməyəcək və istefaya getməyə məcbur olacaq.

 

Melanşonun sözlərinə görə, mövcud böhranın əsas məsuliyyəti Prezident Emmanuel Makronun üzərindədir. “Yeganə çıxış yolu prezidentin istefasıdır”, - deyə o vurğulayıb.

 

Marseldə nümayişçilər İsrailə hərbi texnika tədarük edən "Eurolinks" müdafiə müəssisəsini blokadaya alıblar. Fransa parlamentinin deputatı Qabriyel Katala sosial şəbəkədə zavodun bağlanması tələbi ilə aksiya keçirənləri alqışladığını bildirib. Nümayişçilər “Bu soyqırımı zavodunu bağlayın” yazılmış plakat qaldırıblar.

 

Aksiya çərçivəsində ölkənin bir çox şəhərlərində ictimai nəqliyyatda da ciddi problemlər yaşanır. Lion, Bordo və Nantda tramvay və avtobusların hərəkəti məhdudlaşdırılıb, Paris və paytaxt regionunda metro və şəhərətrafı qatarların fəaliyyətində nasazlıqlar qeydə alınıb.

 

Fransa Əczaçılar Federasiyasının məlumatına görə, etiraz aksiyaları çərçivəsində ölkə üzrə apteklərin 90 faizi fəaliyyətini dayandırıb. Onlar hökumətin sentyabrın 1-dən qüvvəyə minmiş yeni qənaət tədbirlərinə, generik dərmanlara tətbiq olunan kommersiya endirimlərinin azaldılmasına etiraz edirlər. Peşə assosiasiyaları bunun apteklərin bağlanmasına və ixtisarlara səbəb ola biləcəyini bildirirlər... 

BFMTV xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Parisdə tiraz yürüşündə həbslərə başlayıblar. Qeyd olunur ki, artıq ölkə üzrə saxlanılanların sayı 300-ü keçib.

 

Məlumatda o da bildirilir ki, polis dəyənəklərdən, gözyaşardıcı qazdan və qumbaralardan istifadə edir. Etirazçılar buna cavab olaraq polisə məşəl, fişəng, şüşə və daş atırlar.

 

Fransanın aparıcı həmkarlar ittifaqı təşkilatı Ümumi Əmək Konfederasiyasının (CGT) hesablamalarına görə, ölkə boyu nümayişlərdə təxminən 1 milyon insan iştirak edib.

Chosen
20
senzor.az

1Sources