EN

Tailand Kralı yeni hökumətin tərkibini təsdiqləyib

Pekin, 19 sentyabr, AZƏRTAC

Tailandın Kralı Maha Vaçiralonqkorn Baş nazir Anutin Çarnvirakulun rəhbərliyi altında yeni hökumətin tərkibini təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, krallığın rəsmi qəzetində dərc olunmuş elana görə, Baş nazirin təklifi əsasında 36 nəfərdən ibarət hökumət təsdiqlənib. Bu tərkibə Baş nazirin 6 müavini də daxildir.

Qeyd edək ki, sentyabrın 5-də Tailand parlamenti mühafizəkar siyasətçi Anutin Çarnvirakulu ölkənin yeni Baş naziri seçib. Onun qələbəsi müxalif Liberal Xalq Partiyası ilə yeni parlament seçkisinin elanı barədə razılıq əldə edildikdən sonra mümkün olub. Parlament seçkisinin isə yanvarda keçiriləcəyi gözlənilir. Tailandda çətənənin dekriminallaşdırılmasının tərəfdarı kimi tanınan, tikinti maqnatı A.Çarnvirakul son iki ildə Tailandın 3-cü Baş naziridir. O, Tailandın ictimai səhiyyə naziri, Baş nazirin müavini - daxili işlər naziri vəzifələrində çalışıb.

Konstitusiya Məhkəməsi iyul ayında xanım Petonqtarn Çinavatanı Baş nazir səlahiyyətlərindən məhrum edib. Bu qərara onun Kambocanın sabiq lideri Hun Senlə telefon danışığının sızmasından sonra ölkədə yaranan etirazlar səbəb olub. Məhkəmə senatorların təqdim etdiyi və Petonqtarn Çinavatı saxtakarlıqda, konstitusiyanın etik normalarını pozmaqda ittiham edən petisiyanı qəbul edib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

 

Chosen
2
5
azertag.az

8Sources