EN

Ədalət bərpa olundu

Bununla Qarabağda separatizmin kökü tamamilə kəsildi

İki il bundan əvvəl - 2023-cü il sentyabrın 19-u və 20-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 23 saat 43 dəqiqə davam edən və uğurla başa çatan antiterror əməliyyatı nəticəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü  təmin edildi. Bu əməliyyat regionda sülh və sabitliyin bərqərar olunması baxımından tarixi əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli sərəncamı ilə həmin gün "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü" elan olunması da əməliyyatın milli dövlətçilik baxımından nə qədər böyük əhəmiyyətə və dəyərə malik olduğunu bir daha təsdiqləyir.

İkinci Qarabağ müharibəsinin bitməsindən sonra imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, Ermənistan silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsini tərk etməli idi. Lakin 3 il ərzində bu öhdəlik yerinə yetirilmədi və bölgədə 10 mindən artıq erməni silahlı birləşməsi və qanunsuz silahlı dəstələr mövcudluğunu davam etdirdi. Azərbaycan tərəfi bu müddət ərzində məsələni sülh yolu ilə həll etməyə, reinteqrasiya prosesini irəlilətməyə çalışsa da, təəssüf ki, Ermənistan tərəfi əksinə olaraq bölgəyə yeni silah və canlı qüvvə cəlb edir, hərbi istehkamlar qurur, separatçılar isə "prezident seçkiləri" və "parlament bəyanatları" ilə qanunsuz hərəkətlərini davam etdirirdilər. Bu addımlar təkcə Azərbaycanın suverenliyinə deyil, həm də regionda sülh və sabitliyə ciddi təhdid yaradırdı.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dəfələrlə Ermənistan rəhbərliyinə, beynəlxalq ictimaiyyətə və regionda vasitəçilik edən qüvvələrə xəbərdarlıq edərək Qarabağdakı erməni hərbi mövcudluğunun qanunsuz olduğunu bəyan etmişdi. Buna baxmayaraq, Ermənistan danışıqlardan yayınmaqla və təxribatlarını davam etdirməklə prosesi dalana dirəyirdi. Günaşırı sərhəddə baş vermiş qanlı toqquşmalar, 2023-cü ilin mart-may aylarında Şuşa istiqamətində və sərhəd bölgəsində həyata keçirilmiş atəşlər gərginliyi daha da artırırdı. Üstəlik, Ermənistanda istehsal olunmuş yeni minaların Qarabağ ərazisinə gizlin yollarla daşınması və basdırılması müharibədən sonra da terror fəaliyyətinin davam etdirildiyinin görünən tərəfi idi.

Bu ərəfədə Şuşa-Laçın yolunda Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekofəalların keçirdiyi etiraz aksiyaları beynəlxalq ictimaiyyətin diqqətini Qarabağdakı təbii sərvətlərin qanunsuz istismarına və ətraf mühitə vurulan ziyana yönəltdi. Daha sonra ermənilərin Qarabağa qanunsuz silah və texnika daşımasının qarşısını almaq üçün 2023-cü il aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında "Laçın" Nəzarət-Buraxılış Məntəqəsi yaradıldı. Bu addımlar Azərbaycanın Qarabağda reinteqrasiyanı dinc yolla həyata keçirmək niyyətinin, eyni zamanda suveren hüquqlarını qorumaq əzminin göstəricisi idi.

2023-cü il 19 sentyabr səhəri Ermənistan kəşfiyyat-diversiya qrupları Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda əvvəlcədən yerləşdirdikləri minaları partlatdılar. Partlayış nəticəsində mülki şəxslər və Daxili Qoşunların hərbi qulluqçuları həlak oldu. Ardınca ordumuzun mövqeləri müxtəlif çaplı silahlardan atəşə tutuldu, Ağdam və Şuşada iki mülki şəxs daha həyatını itirdi.

Bu terror aktları və genişmiqyaslı hərbi təxribatlar Azərbaycanın suverenliyinə və təhlükəsizliyinə birbaşa təhdid idi. Azərbaycan Ordusu üçtərəfli Bəyanatın icrasını təmin etmək və ərazilərində konstitusiya quruluşunu bərpa etmək məqsədilə lokal xarakterli antiterror əməliyyatına başladı. Əməliyyat ağır relyef və uzun illər qurulmuş mühəndis istehkamları şəraitində aparılsa da, yüksək peşəkarlıq və texnoloji üstünlük sayəsində Azərbaycan Ordusu  uğurlar qazandı. 23 saat 43 dəqiqə davam edən döyüşlərdə düşmənin ön və dərinlik mövqeləri, uzunmüddətli atəş nöqtələri, hərbi obyektləri dəqiq zərbələrlə sıradan çıxarıldı.

Azərbaycan dövləti əməliyyat zamanı humanizm prinsiplərinə sadiq qalaraq beynəlxalq humanitar hüquq normalarına tam riayət etdi. Əhalinin təhlükəsizliyi təmin olundu, tibbi və sosial yardımlar göstərildi, qadınlar, uşaqlar, yaşlılar və xəstələr xüsusi qayğı ilə qorundu. İctimai, sosial, tibbi, dini və digər mühüm obyektlərin mühafizəsi təşkil edildi.  

Əməliyyat zamanı mülki şəxslər zərər görməsin deyə zərbələr yalnız hərbi obyektlərə endirildi. Müdafiə Nazirliyi bölgədə yaşayan erməni sakinləri SMS və səsgücləndiricilər vasitəsilə xəbərdar edərək onları hərbi obyektlərdən uzaq durmağa çağırdı. Bu, Azərbaycanın beynəlxalq humanitar hüquq normalarına sadiqliyinin və mülki əhalinin həyatına verdiyi dəyərin bariz nümunəsi idi.

Sonda erməni separatçıları ağ bayraq qaldıraraq təslim oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciəti əsasında atəşkəs razılaşması əldə olundu. 20 sentyabr saat 13:00-da əməliyyat dayandırıldı və qeyri-qanuni silahlı dəstələrin, Ermənistan silahlı qüvvələrinin tam tərk-silah olunması və Azərbaycan ərazilərini tərk etməsi, bütün silah-sursatın və ağır texnikanın təhvil verilməsi, bu prosesin Rusiya sülhməramlıları ilə əlaqələndirilməklə həyata keçirilməsi şərtləri ilə tədbirlər həyata keçirildi.

Antiterror əməliyyatı nəticəsində Ermənistan silahlı qüvvələrinin bütün birləşmələri Qarabağdan çıxarıldı, qeyri-qanuni silahlı dəstələr buraxıldı,  Qarabağ bölgəsində Azərbaycan Respublikasının suverenliyi və konstitusiya quruluşu tam bərpa edildi. Bu əməliyyat Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı oldu. Qədim tarixi, zəngin maddi və mənəvi irsi, özünəməxsus mədəniyyəti, əsrarəngiz təbii-coğrafi şəraiti, tükənməz sərvətləri olan ölkəmizdə, xüsusən də Qarabağda 30 ilə yaxın davam edən işğal və separatizmə son qoyuldu, respublika ərazisində paralel silahlı strukturların mövcudluğu aradan qalxdı. Azərbaycan xalqının milli birliyi və dövlətinə inamı daha da möhkəmləndi.

Bu əməliyyatla Azərbaycan həm beynəlxalq hüquqa, həm də regionda sülh və sabitliyə sadiqliyini nümayiş etdirdi. Dövlət suverenliyimizin bərqərar olduğu hər qarış torpaqda bu gün Azərbaycan bayrağı əzəmətlə dalğalanır. Bu Zəfər dövlət müstəqilliyinin və milli iradənin simvolu kimi Azərbaycan tarixində əbədi yaşayacaq.   

Rəhman SALMANLI,

"Azərbaycan"

1Sources