EN

Noyabrda Ciddədə beşinci Həcc konfransı və sərgisi keçiriləcək

Qahirə, 19 sentyabr, AZƏRTAC

Noyabrın 9-dan 12-dək Səudiyyə Ərəbistanının Ciddə şəhərində beşinci Həcc konfransı və sərgisi keçiriləcək.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, İki Müqəddəs Ocağın Xadimi Kral Salman bin Əbdüləzizin himayəsi ilə “Məkkədən dünyaya” şüarı altında keçiriləcək tədbir çərçivəsində 80-dən çox iclas və 60 ixtisaslaşmış seminar planlaşdırılır. Tədbirlərdə diplomatik korpus nümayəndələrinin, dünyanın müxtəlif ölkələrindən alimlərin, tədqiqatçıların, zəvvar işləri üzrə fəaliyyət göstərən qurumların təmsilçilərinin, eləcə də 2400-dən artıq həcc təlimçisinin iştirakı gözlənilir.

Bundan başqa, konfrans çərçivəsində “Həcc və İki Müqəddəs Ocağın tarixi forumu” adlı elmi-mədəni toplantı təşkil ediləcək. Forum həccin tarixi və mədəni yönlərinə, islamın yaranmasından bəri iki müqəddəs məkanın inkişafına işıq salacaq.

Konfransın proqramı səyahət və turizm, nəqliyyat, rabitə, səhiyyə, qida təminatı, mehmanxana xidmətləri, texnologiya, sığorta, həccin idarə olunması, logistika və digər sahələri əhatə edəcək.

Konfransla paralel olaraq 52 min kvadratmetr sahədə sərgi keçiriləcək. Burada dünyanın müxtəlif ölkələrindən təxminən 260 iştirakçı öz imkanlarını nümayiş etdirəcək. Sərgidə “İnnovasiya zonası”nda 15 startap şirkət və sahibkar həcc xidmətlərinin gələcəyinə yönəlik qabaqcıl həllər təqdim edəcəklər.

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi bildirib ki, bu konfrans və tədbir beynəlxalq miqyasda təcrübə mübadiləsi, ən yeni texnologiya və həllərin nümayişi üçün bir platformadır. O, həmçinin dövlət qurumları ilə yerli və beynəlxalq özəl və qeyri-kommersiya sektorları arasında faydalı tərəfdaşlıqlar qurmaq imkanı yaradır.

Qeyd edək ki, dördüncü konfrans Səudiyyə Ərəbistanından və xaricdən 120 mindən çox ziyarətçi cəlb edib. Sərgidə 137 ölkədən təqribən 220 qurum iştirak edib. Ümumilikdə 670-dən artıq əməkdaşlıq sazişi imzalanıb.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Chosen
13
2
azertag.az

3Sources