EN

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş keçirilib  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işğaldan azad edilmiş ərazilərdə əhalinin dayanıqlı məşğulluğunun təmin olması istiqamətində qarşıda duran vəzifələrlə bağlı işəgötürənlərlə növbəti görüş keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Dövlət Su Ehtiyatları Agentliyi, “Azərbaycan Hava Yolları” QSC, “Təmiz Şəhər” ASC, “Azərişıq” ASC, “AzərEnerji” ASC, SOCAR, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti və Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nümayəndələri iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində, işğaldan azad edilmiş ərazilərdə icra olunan məşğulluq proqramlarının mütəmadi şəkildə genişləndirildiyini, həmin tədbirlərin təşkilində işəgötürənlərlə əməkdaşlığa xüsusi önəm verildiyini diqqətə çatdırıb.

Görüşdə həmin ərazilərə köçürülən və köçürülməsi nəzərdə tutulan vətəndaşların məşğulluğunun təmin edilməsi üçün işəgötürənlərlə birgə görülən işlərin nəticələri və qarşıda duran vəzifələr müzakirə olunub.

6Sources