EN

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xankəndinin qələbə yolunda dirçəlişi

Azərbaycanın müasir tarixində 15 oktyabr 2023-cü il mühüm bir dönüş nöqtəsi kimi yadda qaldı. Həmin gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldaraq tarixi ədaləti bərpa etdi. Bu hadisə, yalnız hərbi-siyasi zəfərin deyil, həm də milli birliyin və dövlətçilik iradəsinin təntənəsi oldu.

Xankəndi şəhərinə səfərlər sonrakı illərdə ardıcıl şəkildə davam etdirildi. 8 noyabr 2023-cü ildə burada Vətən müharibəsində əldə edilən Qələbənin üçüncü ildönümünə həsr olunmuş hərbi parad keçirildi. Bu parad bir daha göstərdi ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin etməklə yanaşı, bölgədə uzunmüddətli sülh və təhlükəsizlik strategiyasını da həyata keçirir.

Prezidentin 2024-cü ilin fevralında ailə üzvləri ilə birlikdə Xankəndidə səsvermədə iştirakı ölkənin demokratik dəyərlərinin azad olunmuş ərazilərdə bərpasının göstəricisi oldu. Mart ayında Novruz tonqalının Xankəndidə alovlandırılması isə milli-mənəvi irsin qələbə ruhu ilə vəhdətini nümayiş etdirdi.

Sonrakı illərdə Xankəndidə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri bu şəhərin Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatına qayıdışını təmin etdi. 2024-cü ilin iyulunda Qarabağ Universiteti, təmir edilən mehmanxanalar, Konqres Mərkəzinin təməli və digər mühüm obyektlərin açılışı şəhərin strateji əhəmiyyətini bir daha ortaya qoydu.

2025-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Zəfər parkının təməli qoyuldu, Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan tikiş fabrikinin fəaliyyəti ilə tanışlıq keçirildi. Xankəndidə beynəlxalq tədbirlərin təşkili, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü Azərbaycanın bölgədəki lider mövqeyini möhkəmləndirdi.

14 sentyabr 2025-ci ildə Qarabağ Universitetinin Klinikası və Tibb fakültəsinin açılışı Xankəndinin elm və təhsil mərkəzi kimi dirçəlişini təsdiqlədi. Bütün bu hadisələr göstərir ki, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, müdrik strategiyası və qətiyyətli rəhbərliyi ilə Xankəndi əbədi olaraq Azərbaycan reallığında öz layiqli yerini tutub.

Azər Süleymanov,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri

Chosen
15
3
ikisahil.az

4Sources