EN

“Dövlətimizin əsas məqsədi məhz belə şagirdlərə üstünlük verməkdir” Ramin Nurəliyev

Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.

Elm və təhsil naziri Emin Əmrullayev açıqlamasında bildirib ki, xaricdə təhsil üzrə dövlət proqramlarının şərtləri çətinləşdiriləcək. "Sözügedən təhsil proqramı üçün müraciət edənlərin sayı bu il 900 nəfərə yaxın idi", - deyə nazir qeyd edib.

Redaktor.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, bu məsələyə baxmaq lazımdır:

"Elm və Təhsil Nazirliyi dövlət proqramındakı şərtlərin çətinləşdirilməsi ilə bağlı hansı şərtləri, hansı nəticələri göstərəcək, hansı müsabiqə şərtlərinə diqqət ayıracaq, əvvəlcə buna baxmaq lazımdır. Təbii ki, bundan sonra daha dolğun bir fikir söyləmək olar. Bəzi hallarda şagirdlər və valideynlər beynəlxalq təşkilatların keçirdiyi müsabiqələrdə, olimpiadalarda və imtahanlarda iştirak edərək həmin nəticələri Elm və Təhsil Nazirliyinə təqdim edirdilər ki, dövlət proqramına daxil ola bilsinlər. Bu zaman tələbələr 2000-3000 manat vəsait ödəyir, iştirak etdikləri halda medal qazana bilirlər. Hətta bəzi müsabiqələrdə iştirak xərcləri 5000-6000 dollara qədər olur".

Müsahibimiz qeyd etdi ki, müsabiqələrdə iştirak edib müəyyən medal, yer qazandıqdan sonra həmin nəticələr və sertifikatlar dövlət proqramlarına müraciət üçün əsas olurdu:

"Bu isə bəzi hallarda beynəlxalq olimpiadalarda və respublika fənn olimpiadalarında şagirdlərimizin kölgədə qalmasına səbəb ola bilirdi, çünki onlar müəyyən rəqabətə girirdilər. Ona görə də hesab edirəm ki, bu məsələyə müəyyən aydınlıq gətiriləcək və şərtlərdən biri məhz bu olacaq. Bu şərtlər bəzi şagirdlərə müsbət təsir göstərəcək. Çünki artıq şagirdlər Respublika Fənn Olimpiadası və Beynəlxalq Fənn Olimpiadalarında nəticə əldə edərək xarici ali təhsil müəssisələrində dövlət proqramına müraciət edə biləcəklər. Müraciət etdikdə isə qəbul imkanları daha rahat olacaq".

R.Nurəliyevin sözlərinə görə, dövlətimizin əsas məqsədi məhz belə şagirdlərə üstünlük verməkdir:

"Bu şagirdlər həm respublika fənn olimpiadalarında, həm də dünya fənn olimpiadalarında dövlət üçün fəaliyyət göstərən, ölkəmizi təmsil edən və Elm və Təhsil Nazirliyinin nəzdində müsabiqələrdə iştirak edən şagirdlərdir.

Mən hesab edirəm ki, bu doğru yanaşmadır və doğru qərardır. Bu istiqamətdə həm şagirdlərimizin, həm də artıq pul xərcləyən valideynlərin önü açılacaq. Nəticədə Elm və Təhsil Nazirliyinin nəzarətində müsabiqələrdə və olimpiadalarda iştirak edən şagirdlər üçün üstünlük, avantaj təmin olunacaq. Bu, mənim fikrimcə, düzgün bir qərar və doğru yanaşmadır".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
1
1
redaktor.az

2Sources