EN

Almaniyada Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş “Caspian Tunes” layihəsi təqdim olunub

Berlin, 18 sentyabr, AZƏRTAC

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə görkəmli bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi və 18 sentyabr - Milli Musiqi Gününə həsr edilmiş “Caspian Tunes” layihəsi təqdim olunub.

AZƏRTAC xəbər verir ki, layihənin məqsədi Azərbaycan musiqisinin zəngin irsini beynəlxalq auditoriyaya tanıtmaq, klassik bəstəkarlarımızın əsərlərini yeni formatda təqdim edərək onların dünya musiqi məkanındakı təbliğini gücləndirməkdir.

Layihə çərçivəsində Azərbaycan və xarici musiqiçilərin ifasında videoçarxlar Almaniyanın tarixi və simvolik məkanlarında lentə alınaraq rəqəmsal platformalarda yayımlanacaq.

İlk buraxılış Berlin Katedral Kilsəsinin önündə təqdim olunub. Burada Lalə Cəfərovanın Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasının mövzuları əsasında fortepiano üçün yazdığı “Fantaziya” əsəri Gənclər mükafatçısı və beynəlxalq müsabiqələr laureatı İbrahim Babayev tərəfindən səsləndirilib.

“Caspian Tunes” layihəsi gələcəkdə Almaniyanın və Avropanın müxtəlif şəhərlərində davam etdiriləcək.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

 

Chosen
7
1
azertag.az

2Sources