Bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasına münasibət bildirib.
Tribunainfo.az xəbər verir ki, Zaxarova Kremlin iki ölkə arasında münasibətlərin normallaşmasında guya maraqlı olduğunu deyib: “Təsadüfi deyil ki, son illərdə Ermənistan-Türkiyə danışıqlarının birinci raundu 2022-ci il yanvarın 14-də Moskvada keçirilib. Biz Ermənistan Respublikası ilə Türkiyə Respublikası arasında münasibətlərin normallaşmasına Cənubi Qafqazda davamlı sülhün bərpası və davamlı inkişafın təmin edilməsi üçün ilkin şərt kimi baxırıq”, – Zaxarova qeyd edib.
Onun sözlərinə görə, Moskva erməni və Türk tərəfdaşlarının bu istiqamətdə, o cümlədən “3+3” regional əməkdaşlıq platforması çərçivəsində səylərini dəstəkləməyə davam etməyə hazırdır: “Xatırladıram ki, bura Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyə daxildir. Ümid edirik ki, Ankara və İrəvan arasında sazişlər yerdəki reallıqlar və qonşularının Cənubi Qafqazdakı uzunmüddətli maraqları nəzərə alınmaqla hazırlanacaq. Bu məqsədlə regiondankənar oyunçuların onsuz da mürəkkəb olan danışıqlar proesinə dağıdıcı müdaxiləsinin qarşısını almaq vacibdir”.
Zaxarova əlbəttə ki, “qonşular” deyərkən İranı və Rusiyanı, “regiondankənar oyunçuların dağıdıcı müdaxiləsi” deyərkən isə ABŞ başda olmaqla Qərbi nəzərdə tutur. Lakin regionumuzdakı qanlı qarşıdurmaların, müharibələrin, millətlərarası münaqişələrin əsrlər boyu və indinin özündə də əsas baiskarı olan “dağıdıcı qüvvə”nin məhz Rusiya olduğunu regionda artıq hamı çox yaxşı bilir.