EN

BƏƏ Prezidentinin səfəri ikitərəfli münasibətlərin yeni bir inkişaf mərhələsinə qədəm qoyduğunu aydın nümayiş etdirir - ŞƏRH

Bakı, 18 sentyabr, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın ölkəmizə son iki ildə etdiyi ardıcıl səfərləri ikitərəfli münasibətlərin yeni bir inkişaf mərhələsinə qədəm qoyduğunu aydın nümayiş etdirir. Ümumilikdə liderlər səviyyəsində qarşılıqlı səfərlərin, xüsusilə Prezident İham Əliyevin BƏƏ-yə daha əvvəlki (2006, 2016, 2023) səfərlərinin ikitərəfli münasibətlərin möhkəmlənməsinə töhfə verməsi ilə yanaşı, bu il iyulun 10-da Azərbaycan və Ermənistan arasında baş tutan sülh danışıqlarına da BƏƏ-nin ev sahibliyi etməsi (Abu-Dabi görüşü) qarşılıqlı etimadın ən yüksək səviyyədə olmasından xəbər verir. Bunun arxasında təbii ki, mühüm iqtisadi layihələr, önəmli geosiyasi inisiativlər dayanır. Belə ki, Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın ötənilki səfərindən az əvvəl, 2023-cü ilin oktyabrında Azərbaycan hökuməti ilə BƏƏ-nin “Masdar” şirkəti arasında mühüm əməkdaşlıq sazişi imzalanmışdı. Bu saziş çərçivəsində şirkət Qaradağda 230 meqavat gücündə günəş elektrik stansiyasının inşasına investisiya qoyub. Gələcəkdə ölkəmizdə təmiz enerji istehsalının 1 QVt-a yüksəldilməsi nəzərdə tutulub.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə söyləyib.

O qeyd edib ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin son səfəri də mühüm iqtisadi-siyasi razılaşmalar fonunda baş tutur. Belə ki, 2025-ci ilin iyulunda Azərbaycan və BƏƏ arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi imzalanıb. Bu, Azərbaycan-Ermənistan arasındakı Abu-Dabi danışıqları ilə paralel baş verib. Hazırda Prezidentlərin görüşünün Qarabağda baş tutması xüsusilə diqqətəlayiqdir. Bu, ilk növbədə Qarabağın gedərək ölkəmizin mədəni paytaxtından siyasi paytaxtına çevrilməkdə olduğunu nümayiş etdirir: ”Bu baxımdan da Şuşada, Xankəndidə, Laçında daha öncə keçirilən ən yüksək səviyyəli görüşləri, Zirvələri, qlobal forumları xatırlaya bilərik. Lakin bu, həm də BƏƏ-nin Qarabağın yenidənqurma və bərpa işlərinə investisiya yatırmaq istiqamətində təşviq edilməsi ilə də əlaqədar ola bilər. Xüsusilə Vaşinqton razılaşmasına yol açan görüşün Abu-Dabidə baş tutduğu, TRIPP adı altında Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılacağı, bu dəhlizin həm də Cənub istiqamətində Fars körfəzinədək (Ərəb dövlətləri bunu Ərəb körfəzi adlandırır) uzanması kimi geostrateji cəhətdən önəmli perspektiv layihələr fonunda Azərbaycan-BƏƏ əməkdaşlığının qarşıdakı dövrdə, sadəcə, iki ölkə arasında deyil, ümumilikdə Azərbaycanın Ərəb ölkələri ilə münasibətlərinin daha da inkişafı üçün mühüm stimul yaradacağı gözlənilir”.

“Ümumiyyətlə, Azərbaycan hər zaman Ərəb-Müsəlman dünyası ilə münasibətlərini inkişaf etdirib. Lakin suverenliyimizin tam anlamıyla bərpası və Azərbaycanın tərəf olduğu yeni regional və qlobal layihələrin start götürməsi bu münasibətlərə yeni bir nəfəs gətirməkdədir”,-deyə Ş.Cəlilzadə əlavə edib.

 

 

Chosen
4
1
azertag.az

2Sources