EN

"Səssiz düşmənə" qarşı mübarizə və maarifləndirmə

"Səssiz düşmənə" qarşı mübarizə və maarifləndirmə.

Bu gün cəmiyyətin qarşısında duran ən böyük təhlükələrdən biri gənclər arasında narkotik vasitələrin istifadəsinin artmasıdır. Gənclik hər bir xalqın gələcəyidir və bu gələcəyin sağlam, savadlı, məqsədli olması birbaşa onların yaşadığı mühit və aldıqları tərbiyədən asılıdır. Narkotik isə bu gələcəyin üzərinə çəkilən qaranlıq bir kölgədir.
Narkotik asılılıgı gəncliyin səssiz faciəsidir. Narkotiklər ilk baxışdan "sadəcə bir dəfə sınamaq", "dost təklifi", "stressdən çıxış yolu" kimi görünsə də, əslində insanın fiziki, psixoloji və sosial həyatını məhv edən təhlükəli bir vərdişdir. Bu maddələr insan beynini zədələyir, düşüncə qabiliyyətini zəiflədir və nəticədə şəxsi münasibətlərdən tutmuş təhsil, karyera və sosial statusa qədər hər şeyə mənfi təsir göstərir.Gənclər, xüsusilə yeniyetmələr, bu məsələdə daha həssas qrup sayılır. Onların özlərini tapmaq, cəmiyyətə qəbul olunmaq və azad olmaq ehtiyacları bəzən yanlış yollarla — narkotik vasitələrlə — qarşılanır. Bu isə gələcəyin potensiallı fərdlərinin zamanından əvvəl həyatla vidalaşmasına, ya da uzunmüddətli asılılıqla mübarizə aparmasına gətirib çıxarır..Maarifləndirmə  mübarizənin əsas silahıdır.
Narkomaniyaya qarşı mübarizədə ən təsirli vasitə maarifləndirmədir. Gənclərə narkotiklərin gerçək
zərərlərini açıq və real faktlarla izah etmək, onları yanlış təbliğatdan qorumaq və düzgün informasiya ilə silahlandırmaq vacibdir. Bu işdə ailələr, məktəblər, müəllimlər, media və dövlət qurumları birgə çalışmalıdır.
Təhsil müəssisələrində bu mövzuya dair açıq dərslər, seminarlar, sosial layihələr keçirilməli, real həyatdan nümunələr göstərilməlidir. Gənclər bilməlidirlər ki, "dəbdə olan" və ya "qorxulacaq heç nə yoxdur" kimi təqdim edilən narkotiklər onların həyatını geri dönüşü olmayan bir bataqlığa sürükləyir.
Sadəcə “narkotik pisdir” demək kifayət deyil — gənclərə alternativ seçimlər təqdim edilməlidir. İdman, musiqi, rəsm, könüllü fəaliyyətlər, sosial layihələr və inkişaf proqramları gənclərin enerjisini və potensialını müsbət istiqamətə yönəldə bilər. Boş vaxtını faydalı keçirmək imkanına sahib olan gənc, asılılıq yaradan vərdişlərə ehtiyac duymur.Biz cəmiyyət olaraq bu mövzuda hamımız
məsuliyyət daşıyırıq.
Narkomaniyaya qarşı mübarizə təkcə hüquq-mühafizə orqanlarının deyil, bütün cəmiyyətin işidir. Hər bir valideyn, müəllim, jurnalist və ictimai fəal bu məsələyə laqeyd yanaşmamalı, gələcək nəsilləri qorumaq üçün əlindən gələni etməlidir.
Gələcək bizim bugünkü seçimimizdir.
Gənclər sağlam düşüncəli, məqsədli və güclü olmalıdır. Onların həyatına narkotik deyil, bilik, sevgi, inam və dəstək hakim olmalıdır. Sağlam gələcək yalnız sağlam düşüncəli gənclərlə mümkündür. Bu gün verdiyimiz hər düzgün informasiya, göstərdiyimiz hər dəstək, qoruduğumuz hər bir gənc — sabahımızı xilas edəcək.

Azərbaycan Dillər Universitetinin Fəlsəfə və ictimai elmlər kafedrasının müəllimi 
Dilarə Cəbrayılova

Chosen
12
azedu.az

1Sources