EN

Mühazirə dövrü bitir - tələbələr interaktiv dərs istəyir

Bu gün universitetlərdə mühazirə yazmaq ənənəsi demək olar ki, minimum səviyyəyə enib. Çünki yeni nəsil gənclər bu tədris metodundan məmnun deyillər və daim öz iradlarını bildirirlər. Buna görə də müəllimlər dərslərdə texnologiyadan səmərəli istifadə etməli, təqdimatlar və interaktiv dərslərə üstünlük verməlidirlər. Axı istənilən kitabı, mövzunu və ya materialı indi internet vasitəsilə asanlıqla əldə etmək mümkündür.

Bu fikirləri təhsil eksperti Elçin Süleymanov AzEdu.az-a açıqlamasında bildirib.
Ənənəvi üsul köhnəlir

"Ənənəvi üsulla mühazirə yazmaq həm tələbələr üçün fiziki olaraq yorucu, həm də vaxt itkisi hesab olunur. Bunun əvəzinə artıq bir çox universitetlərdə elektron jurnal sistemləri tətbiq edilir. Bu sistemlərdə dərs materialları, kitablar və digər resurslar yerləşdirilir və tələbələr onlardan sərbəst şəkildə faydalana bilirlər.

Əvvəllər mühazirə yazmaq dərsin vaxtını doldurmaq və tələbələri sakit saxlamaq üçün bir vasitə kimi qəbul olunurdu. Amma indiki dövrdə bu metod nə arzuolunandır, nə də effektivdir. Dərslər interaktiv olmalı, mühazirədən sonra tələbələr mövzunu müzakirə etməli, qrup işləri və təqdimatlar aparmalıdır.

Müasir yanaşmaya görə müəllim yalnız material verən deyil, həm də dirijor və koordinator rolunda çıxış etməlidir. O, dərs prosesini idarə etməli, tələbələrin bacarıq və ehtiyaclarına uyğun metodlardan istifadə etməli, müxtəlif nümunə və keyslər üzərində müzakirələr təşkil etməlidir. Süni intellektin imkanları isə tələbələrə mövzunu daha rahat öyrənmək üçün əlavə vasitə rolunu oynayır".

Chosen
20
azedu.az

1Sources