EN

Dahi bəstəkarın 140 illik yubileyi ev-muzeyində

Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 18-də Azərbaycan professional musiqi məktəbinin banisi, görkəmli bəstəkar, dirijor, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin 140 illik yubileyi və Milli Musiqi Günü münasibətilə bəstəkarın ev-muzeyində tədbir keçirilib.

Hafta.az xəbər verir ki, Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə, konservatoriyanın elmi işlər üzrə prorektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Lalə Hüseynova, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə və digər mədəniyyət və incəsənət xadimlərinin, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutan tədbirdə Üzeyir bəyin zəngin yaradıcılığına dair maraqlı faktlar bölüşülüb, onun Azərbaycan musiqi tarixindəki misilsiz xidmətləri bir daha vurğulanıb.

Qeyd olunub ki, Üzeyir Hacıbəyli Azərbaycan musiqisinin sütunu, milli bəstəkarlıq məktəbinin banisi və musiqi mədəniyyətimizin inkişafında əvəzsiz xidmətləri olan dahi sənətkardır. Onun yaradıcılığı həm milli musiqi tarixində dönüş nöqtəsi, həm də xalqın bədii-estetik dünyagörüşünün yeni mərhələsidir. Üzeyir bəyin yaradıcılığı muğamla Qərb klassikasının harmonik vəhdətini yaradıb. O, xalq musiqisinin melodik zənginliyini elmi əsaslarla öyrənib və yeni məktəb formalaşdırıb. Bəstəkar musiqi təhsilinin təşkilində, konservatoriyanın yaradılmasında və musiqi terminlərinin sistemləşdirilməsində mühüm rol oynayıb.

Vurğulanıb ki, Üzeyir Hacıbəyli musiqi yolu ilə Azərbaycan xalqının ruhunu, azadlıq istəyini, milli kimliyini ifadə etməyi bacaran nadir sənətkarlardandır. Onun irsi bu gün də yaşayır və yeni nəsillərə yol göstərir.

Üzeyir Hacıbəylinin ev-muzeyinin elmi katibi Nərgiz Qədirova bildirib ki, Üzeyir bəyin musiqisindəki milli ruh, humanizm və vətənpərvərlik ideyaları Azərbaycan xalqının mədəni kimliyinin ayrılmaz hissəsidir. Musiqi bayramı milli kimliyimizin və zəngin mədəniyyətimizin təntənəsidir. Prezident İlham Əliyev 2025-ci il fevralın 3-də Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə Sərəncam imzalayıb. Sərəncam əsasında Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası birgə tədbirlər planı hazırlayaraq həyata keçirir.

“Ölkə daxilində və xaricdə geniş tədbirlər, beynəlxalq elmi konfranslar, konsertlər və sərgilər keçirilir, yeni nəşrlər işıq üzü görür. Bu il yubiley çərçivəsində bp şirkətinin sponsorluğu ilə Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcovun və muzey əməkdaşlarının təşəbbüsü ilə xüsusi nəşrlər hazırlanıb. Bunlardan biri uşaqlar üçün səs və fortepiano mahnıları və klavirlər, digəri isə “Unudulmaz incilər” adlı partituralar kolleksiyasıdır.

Xüsusilə diqqət çəkən nəşrlərdən biri “Ömür” albomudur. Bu kitab bəstəkarın ömür yolunu, yaradıcılığını, musiqi irsini və ictimai fəaliyyətini əks etdirir. Kitabda Üzeyir Hacıbəylinin həyatının müxtəlif mərhələləri, pedaqoji və publisistik fəaliyyəti, Azərbaycan musiqisinin inkişafına verdiyi xidmətlər, sənədli faktlar və zəngin fotoillüstrasiyalar əsasında təqdim olunur.

Nərgiz Qədirova vurğulayıb ki, “Ömür” albomunu yalnız oxumaq yox, hiss etmək və yaşamaq lazımdır, çünki hər sənəd və hər musiqi parçası xalqımızın yaddaşını oyadır. Bu albom həm musiqi mütəxəssisləri, həm də gənc oxucu kütləsi üçün dəyərli mənbədir. Dahi bəstəkarın 140 illik yubiley çərçivəsində işıq üzü görən bu nəşrlər bir daha təsdiq edir ki, Üzeyir Hacıbəylinin yaradıcılığı ölməzdir və gələcək nəsillərə yol göstərən əbədi bir mayakdır”, - deyə muzeyin elmi katibi vurğulayıb.

Tədbir bədii proqramla davam edib.

Sonda qonaqlar muzeyin ekspozisiya zalları ilə tanış oldular.

Chosen
24
3
hafta.az

4Sources