Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Stokholm, 18 sentyabr, Nərgiz Cəfərli, AZƏRTAC
2025-ci il sentyabrın 18-də dahi bəstəkar, Azərbaycan müasir peşəkar musiqisinin banisi, dirijor, musiqişünas, publisist, dramaturq, pedaqoq, ictimai xadim, SSRİ Xalq artisti Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi tamam olur.
AZƏRTAC bu əlamətdar hadisə münasibətilə tanınmış musiqi və mədəniyyət xadimləri ilə silsilə söhbətləri davam etdirir. İsveçdə yaşayan və çalışan türkiyəli opera müğənnisi Burcu Kuru dahi bəstəkarın şəxsiyyətindən bəhs edib.
Hacettepe Universitetinin (Ankara) Opera fakültəsinin tələbəsi olanda Üzeyir Hacıbəylinin ölməz “Arşın mal alan” operettası vasitəsilə ilk dəfə onun musiqisi ilə rastlaşmaq mənə qismət oldu.
Hacıbəylinin yaradıcılığı Şərq musiqi ənənəsində milli kimliyin ən yüksək ifadə formasına çatmasının, dövrün qlobal tendensiyalarını əks etdirməsinin parlaq nümunəsi oldu. Onun musiqisi Azərbaycan xalqının mənəvi-mədəni ənənələrinin, dünyagörüşünün, zəngin daxili dünyasının dirçəlişidir. O, xalqın ürəyindən doğan xalq melodiyalarını klassik Qərb harmoniyası ilə birləşdirərək, onları yeni bədii gerçəkliyin polifonik səsinə çevirib.
Dahi bəstəkarın irsində müsəlman dünyasında yaradılmış, Şərqdə öz janrında ilk əsər olan “Leyli və Məcnun” operası xüsusi yer tutur.
Musiqi insanları birləşdirməyə qadir, hamı üçün başadüşülən, duyğular oyadan, mahiyyətimizi xatırladan bəşəriyyətin universal dilidir. Bir sənətçi kimi, mənim üçün ən mühüm missiyalarımdan biri bu dildə danışmaq, onu paylaşmaq, türk mədəniyyətinin zənginliyini dünyaya tanıtmaqdır.
Sentyabrın 20-də Stokholmun Hallvyul Muzeyində (Hallwylska Museet) sevimli pianoçumuz Aynur Məlikovanın rəhbərliyi ilə dahi bəstəkarın anadan olmasının 140 illiyinə həsr olunmuş konsert keçiriləcək. Yubiley tədbirləri çərçivəsində italyan pianoçu Serjio Lapedota, isveçli fleyta ifaçısı Katrin Sponqberq və isveçli skripka ifaçısı İrena Lemosla birlikdə həm Azərbaycan, həm də Skandinaviya musiqi ənənələrini əks etdirən əsərlər təqdim edəcəyimiz layihə hazırlamışıq. Təbii ki, Azərbaycan musiqisinə xüsusi diqqət yetiriləcək.
Həmin konsertdə Üzeyir Hacıbəylinin “Sevgili canan” əsərini ifa edəcəyəm.
Bu romans dahi şair Nizami Gəncəvinin misraları əsasında bəstələnib və dinləyicilərə Şərq məhəbbət anlayışı və onun müqəddəsliyi haqqında bir vəhy kimi müraciət edir.
Təkrarlanan melodik xətt sanki taleyin gücünü və onun labüdlüyünü təcəssüm etdirir.
Bu, sadəcə bir sevgi mahnısı deyil, məhəbbətin insan duyğusundan daha çox məna kəsb etdiyi barədə möhtəşəm bir xatırlatmadır. Əsər özündə ilahi yaradılışı təcəssüm etdirir.
Əsərin poetik mətni Şərq sufizm ənənələrində məhəbbəti Tanrıya aparan yol, mənəvi istək kimi açıb göstərir.
Ümid edirik ki, bu konsert Azərbaycan musiqisinin və bütün Türk dünyasının çoxşaxəli gözəlliyini isveçli tamaşaçılara açacaqdır. Eyni zamanda, vətəndən kənarda yaşayan azərbaycanlılara və türklərə çoxsəsli musiqinin qüdrətli birləşdirici qüvvəsini xatırladacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.