EN

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib -Fotolar



Sentyabrın 18-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Sadiq Qurbanov komitə üzvlərinə fəaliyyətlərində uğurlar arzulayıb.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Komitə sədri əvvəlcə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində 2025-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabatı təqdim edib, sonra komitənin cari ilin payız sessiyası üçün iş planı barədə məlumat verib. Diqqətə çatdırılıb ki, sənəddə qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinə baxılması və digər məsələlər nəzərdə tutulub.

Daha sonra “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov məlumat verib. Bildirilib ki, yeni tikilən, yenidən qurulan və əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması məcburi olacaq, lakin bəzi bina kateqoriyaları (tarixi abidələr, yardımçı və müvəqqəti tikililər, istixanalar, anbarlar, istehsalat binaları, fərdi yaşayış evləri və s.) bu tələbdən istisna ediləcəkdir.
Gündəliyin növbəti məsələsi - “İstehlakçıların hüquqlarının müdafiəsi haqqinda”,“Ətraf mühitin mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” və “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) komitənin sədri Sadiq Qurbanov təqdim edib. Qeyd edilib ki, milli akkreditasiya qurumunun beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə hazırlanan qanun layihəsi ilə uyğunluğu qiymətləndirən qurumların əhatə dairəsi genişləndirilir, səriştəlilik sınağı, validasiya və verifikasiya kimi yeni anlayışlar əlavə olunur, müvafiq qanunvericiliyə dəyişikliklər təklif edilir və bununla da akkreditasiya sisteminin beynəlxalq tanınması təmin edilir.
Sonra “Ozon qatını dağıdan maddələr haqqında” Monreal Protokoluna 2016-cı il 15 oktyabr tarixli Kiqali Düzəlişinin təsdiq edilməsi haqqında qanun layihəsi barədə məlumat verilib. Söylənilib ki, Kiqali Düzəlişi hidroflüorokarbonların (HFC) mərhələli azaldılmasını nəzərdə tutur. Bununla həm ozon qatının qorunması, həm də iqlim dəyişikliyi ilə mübarizə gücləndiriləcək və Azərbaycanın bu sənədə qoşulması ölkəmizin beynəlxalq iqlim öhdəliklərinin icrasına, COP29 kontekstində mövqeyinin möhkəmlənməsinə xidmət edəcəkdir.

Gündəliyin növbəti məsələsi - “Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası”na qoşulmaq barədə qanun layihəsi haqqında məlumat verən komitə sədri sənədin dövlətlər arasında təhlükəli kimyəvi maddələrin və pestisidlərin idxalı və ixracı ilə bağlı məlumat mübadiləsini təmin etmək, onların istifadəsi nəticəsində yarana biləcək risklərin azaldılmasına nail olmaq və insan sağlamlığının və ətraf mühitin qorunmasını gücləndirmək məqsədini daşıdığını bildirib.

Gündəlikdəki məsələlərin müzakirəsində komitənin sədr müavini Fatma Yıldırım, üzvləri Asif Əsgərov, Naqif Həmzəyev, Vüqar Rəhimzadə, Nigar Arpadarai, Rövşən Muradov, Eyvaz Qurbanov çıxış edərək fikirlərini söyləyiblər, təkliflərini irəli sürüblər.
İclasın sonunda ötən sessiyada komitədə görülmüş işlər qənaətbəxş hesab olunub, komitənin növbəti sessiya üçün iş planının layihəsi təsdiqlənib və qanun layihələrinin hamısı baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Tədbirdə komitənin üzvləri Afət Həsənova, Bədəl Bədəlov və digər rəsmi şəxslər iştirak ediblər.



Chosen
12
5
aia.az

6Sources