EN

Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib

Sentyabrın 18-də Qırğız Respublikasının Bişkek şəhərində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının və vitse-prezidentlərinin görüşü keçirilib.

BAKU.WS Nazirlər Kabinetinin məlumatına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov görüşdə iştirak edib.

Tədbirdə çıxış edən Ə.Əsədov türk dövlətlərinin səylərinin birləşdirilməsinin sabitlik, təhlükəsizlik və rifahın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Qarşılıqlı faydalı əməkdaşlığın TDT-yə üzv ölkələr arasında ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, iqtisadi potensialın gücləndirilməsi və nəqliyyat dəhlizlərinin şaxələndirilməsi üçün yeni imkanlar açdığı diqqətə çatdırılıb.

Qeyd edilib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə ikitərəfli müstəvidə strateji tərəfdaşlıq və ya müttəfiqlik münasibətləri qurub.

İqtisadi əməkdaşlığın dinamikasından məmnunluq ifadə edən Baş nazir cari ilin yanvar-iyul aylarında Azərbaycanın TDT dövlətləri ilə ticarət əlaqələrinin səkkiz faizdən çox artdığını diqqətə çatdırıb.

İnvestisiya sahəsində əməkdaşlıq barədə danışan Baş nazir Azərbaycan tərəfindən təşkilatın üzv ölkələrinə yatırılan sərmayələrin həcminin 21 milyard ABŞ dollarına yaxın olduğunu vurğulayıb.

"Üzv dövlətlərdən olan bir sıra tərəfdaşlarımızla biz birgə investisiya fondları yaratmışıq və bu, prioritet iqtisadi sektorlarına qarşılıqlı investisiyaların təşviqinə imkan verir", - deyə Baş nazir bildirib.

Türk dövlətləri arasında nəqliyyat sahəsində əməkdaşlığın artan xətt üzrə inkişaf etdiyi və regional əlaqələrin möhkəmlənməsinə əhəmiyyətli töhfə verdiyi vurğulanıb.

"Türk dövlətlərinin ərazisindən keçən və təkcə regionumuz üçün deyil, həm də qlobal ticarət və nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından strateji rol oynayan Orta Dəhlizin önəmi getdikcə artmaqdadır. Bu kontekstdə Azərbaycanın əsas ərazisinin Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinə dair bu yaxınlarda Vaşinqtonda əldə edilmiş razılaşmalar tarixi əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizinin açılması bütün region dövlətlərinə yeni iqtisadi və tranzit fürsətləri qazandırmaqla yanaşı, Orta Dəhlizə inteqrasiya olunmaqla, onun ötürücülük qabiliyyətini artıracaq", - deyə Ə.Əsədov qeyd edib.

Görüşdə rifahın, inkişafın və regional inteqrasiyanın təşviqində TDT-nın rolu, həmçinin ticarət, investisiya, nəqliyyat, enerji və kənd təsərrüfatı kimi prioritet iqtisadi sahələrdə əlaqələr, təşkilat çərçivəsində çoxşaxəli əməkdaşlığın gücləndirilməsi üçün TDT mexanizmlərinin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

Görüşün nəticələrinə dair Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının və vitse-prezidentlərinin Birgə Bəyanatı qəbul edilib.

*** 14:04

Bişkekdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hökumət başçılarının görüşü başlayıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabineti məlumat yayıb.

Tədbirdən əvvəl Qırğızıstan Nazirlər Kabinetinin sədri, prezident administrasiyasının rəhbəri Adılbek Kasımaliyev nümayəndə heyətlərinin başçılarını qarşılayıb. Daha sonra iştirakçıların birgə şəkil çəkdirmə mərasimi keçirilib.

Görüşdə Azərbaycanın Baş naziri Əli Əsədov, Qazaxıstanın Baş naziri Oljas Bektenov, Qırğızıstan Nazirlər Kabinetinin sədri Adılbek Kasımaliyev, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Özbəkistanın Baş naziri Abdullah Aripov, həmçinin TDT-nin baş katibi Kubanıçbek Omuraliyev iştirak edirlər.

İclasda TDT çərçivəsində əməkdaşlığın əsas istiqamətləri - iqtisadiyyat, ticarət, investisiyalar, nəqliyyat, rəqəmsallaşma, energetika, kənd təsərrüfatı və digər sahələr müzakirə olunacaq. Həmçinin əvvəllər qəbul edilmiş qərarların həyata keçirilməsi və təşkilatın iş mexanizmlərinin təkmilləşdirilməsi məsələləri nəzərdən keçiriləcək.

Chosen
6
15
far.az

10Sources