EN

İkinci əl avtomobillər kəskin bahalaşa bilər - TARİX AÇIQLANDI

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin ilk 8 ayında Azərbaycana 733 milyon dollar dəyərində 37 183 ədəd hibrid mühərrikli avtomobil idxal edilib.

2024-cü ilin eyni dövrü ilə müqayisədə hibrid avtomobillərin idxalı dəyər ifadəsi ilə 345.2 milyon dollar və ya 89%, miqdar ifadəsi ilə isə 23 679 ədəd və ya 175.3% (2.7 dəfə) artıb.

Ötən ilin eyni dövründə xaricdən 387.9 milyon dollar dəyərində 13 504 ədəd hibrid avtomobil gətirilmişdi.

1 ədəd hibrid avtomobilin orta idxal qiyməti 2025-ci ilin 8 ayının nəticələrinə görə orta hesabla 19 715 dollar (33 516 manat) olub ki, bu da son bir ildə 9 35 dollar (15 360 manat) və ya 31.4% ucuzlaşma deməkdir.

2024-cü ilin yanvar-avqust aylarında isə 1 ədəd hibrid avtomobilin orta idxal qiyməti 28 750 dollar (48 875 manat) olub.

Son 2-3 ildə hibrid avtomobillərin ƏDV və gömrük güzəştləri nəticəsində böyük həcmlərdə idxalı baş verib.

Bu da həm qiymətləri azaldıb, həm də ölkədə avtoparkın yenilənməsini sürətləndirib. Nəzərə alaq ki, 2026-cı ilin 1 yanvarından yeni avtomobillərə tətbiq edilən ƏDV-nin (18%) güzəşt müddəti başa çatır.

Bu da o deməkdir ki, ƏDV güzəşti uzadılmasa, avtomobil bazarında bahalaşma baş verəcək.

Bu bahalaşma xüsusilə ikinci əl avtomobilləri daha çox əhatə edə bilər.

Day.Az xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin sözlərinə görə, güzəştin müddəti uzadılmasa, idxal olunan yeni hibrid avtomobillərin qiyməti avtomatik olaraq təxminən 15-20% artacaq:

"Çünki yalnız ƏDV deyil, əlavə xərclərin - logistika, gömrük, marja qiyməti artacaq. Belə vəziyyətdə isə insanlar daha ucuz alternativ kimi ikinci əl bazara yönələcək.

Tələb artdıqca ikinci əl avtomobillərin qiymətləri də artacaq. Bahalaşma miqyası bir neçə amildən asılı olacaq:

- Möhlətin uzadılıb-uzadılmaması (uzadılmasa, təsir daha sərt olacaq);

- Yeni avtomobil idxalının həcmi (azalsa, ikinci əl maşınların qiyməti daha çox qalxacaq);

- Əhalinin alıcılıq gücü (tələb yüksək qalsa, qiymət artımı qaçılmazdır).

Ümumilikdə isə idxal kəskin azalarsa (məsələn, hibrid gətirənlərin sayı çox düşərsə), ikinci əl avtomobillərdə bahalaşma 20%-ə qədər çıxa bilər. Yəni 2026-cı ildən etibarən möhlət uzadılmasa, ikinci əl hibrid avtomobillərin kəskin bahalaşması qaçılmaz olacaq".

Chosen
15
14
day.az

10Sources