EN

Vətən üçün oxunan könül nəğmələri

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 18 sentyabr, AZƏRTAC

Əzizbəy Şuşanın düşməndən azad olunan günlərdə ifa etdiyi “İncə bellim” mahnısı ilə tanınmışdı. Soyuqdan üşümüş əllərinin köhnə pianonun dilləri üzərində gəzişməsindən musiqi təhsili aldığı hiss olunurdu. Tale elə gətirdi ki, onun həyatındakı musiqi melodiyalarının yerini qəhrəmanlıq notları əvəz etdi...

AZƏRTAC xəbər verir ki, Əzizbəy Etibar oğlu Muradov 1998-ci il fevralın 3-də Sabirabad rayonunun Ulacalı kəndində anadan olub. Orta təhsilini kənd məktəbində alıb. Uşaqlıqdan qarmon ifa etməyə həvəs göstərib, Sabirabad şəhər Üzeyir Hacıbəyli adına Uşaq musiqi məktəbində bu sənətin sirlərini öyrənib. Sonra hərbi xidmətə yollanıb. Qayıdandan sonra - 2018-ci ildə Azərbaycan Milli Konservatoriyasının nəzdindəki Musiqi Kollecinə (qarmon ixtisası) qəbul olunub.

2020-ci ili sentyabrınn 27-də Vətən müharibəsi başlananda kollecin III kurs tələbəsi olan Əzizbəy təhsilini yarımçıq qoyaraq könüllü cəbhəyə yollanır. Artıq onun qulaqlarında musiqi səsi silah səsləri ilə əvəzlənmişdi. Savaş ilk gündən sərt üzünü göstərirdi, qanlı döyüşlərdə ən ağır hadisələrlə üzləşirdi... O, qarşılaşdığı çətinlikləri musiqi ilə yüngülləşdirməyə çalışırdı.

Vətən müharibəsi 44 gündən sonra Azərbaycan Ordusunun şanlı Zəfəri ilə başa çatdı. Əzizbəy müharibədəki şücaətinə görə “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edildi.

O, Vətən müharibəsi günlərində sosial şəbəkələrdə yayılan ifaları ilə məşhurlaşmışdı. İlk dəfə Qubadlıda qarmonda ifa etdiyi “Qarabağ şikəstəsi” böyük maraq doğurmuşdu. Şuşada pianoda ifa etdiyi “İncə bellim” mahnısı sosial mediada xüsusilə özünə geniş auditoriya toplamışdı.

Əzizbəy müharibədən sonra cəbhə xatirələrindən danışarkən deyirdi: “Qubadlı rayonunda qarmon tapdım. Həmin vaxt əsgərlərdən birinin ad günü idi. Hər şey təsadüfən alındı. Uşaqlar xahiş etdilər ki, “Qarabağ şikəstəsi”ni ifa edim. Mən də ifa etdim. Sən demə, xəbərim olmadan ifamı videoya çəkirmişlər. Sonra Şuşaya gəldik. Uşaqlar hardansa bir piano tapdılar. Onlar mənim musiqiçi olduğumu bilirdilər. Ona görə məni çağırıb, ifa etməyimi xahiş etdilər”.

Vətən müharibəsindən qayıdandan sonra Əzizbəyin həyatının axarı dəyişir. 2022-ci ildə Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı Əlahiddə Çevik Polis Alayının sıralarına daxil olur. Qarşıda düşməni doğma yurdumuzdan tamamilə təmizləmək, uzun illər Qarabağda kök salmış erməni separatizminin kökünü birdəfəlik kəsmək missiyası dayanırdı. O, 2023-cü il sentyabrın 19-20-də Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirlərində iştirak edib. Elə həmin tədbirlər zamanı Şuşa-Xankəndi istiqamətində tank əleyhinə minaya düşərək ağır yaralanıb.

Bundan sonra 18 gün komada qalıb. Əzizbəy xəstəxanada göstərilən tibbi müdaxilələrə baxmayaraq, oktyabrın 6-da şəhadətə ucalıb. Doğulub boya-başa çatdığı Sabirabadın Ulacalı kənd qəbiristanlığında torpağa tapşırılıb. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə də təltif edilib.

Şəhidin anası Fatma Muradova oğlu haqqında fəxrlə danışır: “Hamı elə bilirdi ki, onun sevdiyi qız var, “İncə bellim” mahnısını da onun üçün ifa edib. Əzizbəy Vətən müharibəsi zamanı pianoda ifa etdiyi həmin mahnının videosunu mənə yollamışdı. Demişdi ki, ana, bax, oğlun sağdır və pianoda sənin sevdiyin musiqini ifa edir...”.

Onun atası Birinci Qarabağ müharibəsi veteranı Etibar Muradov deyir ki, Əzizbəy müharibədən qayıdandan sonra çox sevdiyi not kitabçalarına toxunmurdu: “Əsgər geyimində çəkdirdiyi şəkillərinə qibtə edirdi. Torpaqlarımızın azadlığı uğrunda döyüşdüyü hər gün onun üçün əziz xatirəyə çevrilmişdi. Yaxşı ki, onun bəxtinə ölkəmizin bütövlüyünün və suverenliyinin tam bərpası yolunda döyüşmək və bu tarixi hadisədə pay sahibi olmaq düşdü...”.

Əzizbəy qəlbindəki Vətən sevgisi könül nəğməsini üstələyən qəhrəman kimi adını tarixə yazdırdı...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
azertag.az

1Sources