EN

Milli Musiqi Gününün növbəti tədbiri Azərbaycan Milli Konservatoriyasında keçirilib

Bakı, 18 sentyabr, AZƏRTAC

18 Sentyabr – Milli Musiqi Gününün növbəti ənənəvi tədbiri Azərbaycan Milli Konservatoriyasında keçirilib.

AZƏRTAC xəbər verir ki, Konservatoriyanın rektoru Xalq artisti Kamilə Dadaş-zadə Üzeyir Hacıbəylinin adı ilə bağlı olan əlamətdar günün əhəmiyyətindən, dahi bəstəkarın yaradıcılığından, Azərbaycan musiqisinin inkişafında göstərdiyi xidmətlərdən danışıb.

O qeyd edib ki, Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyətində tükənməz irs qoyub, yaradıcılığı isə bu gün də öz aktuallığını qoruyub saxlayır: "Bu, Üzeyir bəyin zəngin irsinin bu gün də inkişaf etdirildiyini, yaşadığını və öz təsirini göstərdiyini sübut edir. İllər, hətta əsrlər keçsə də, onun musiqi ənənələri, yaradıcılığı və ideyaları öz aktuallığını qoruyacaq. Onun zəngin irsi inkişaf etdiriləcək və gələcək nəsillərə ilham verəcək, musiqi mədəniyyətimizin gözəl ənənələrini formalaşdıracaq”.

Mədəniyyət naziri Adil Kərimli Üzeyir Hacıbəylinin zəngin musiqi irsinin Azərbaycan mədəniyyətinin ən dəyərli sərvətlərindən biri olduğunu bildirib.

Nazir diqqətə çatdırıb ki, 2025-ci il fevralın 3-də Prezident İlham Əliyev Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə Sərəncam imzalayıb. Bu münasibətlə müxtəlif tədbirlər keçirilir. Belə tədbirlər həm xalqımızın milli musiqi irsini dərk etməsinə, həm də Üzeyir Hacıbəylinin zəngin irsinin gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Adil Kərimli, həmçinin Konservatoriyanın tələbələrinə müraciət edərək deyib: "Əziz tələbələr gələcəkdə siz Azərbaycan mədəniyyətini, incəsənətini və musiqisini daha da irəli aparacaq, onun zəngin irsini yaşadacaq və yeni nəsillərə çatdıracaqsınız. Üzeyir Hacıbəyli də daim Azərbaycan mədəniyyətinin inkişafı üçün çalışıb və onun ruhu bu gün çox şaddır ki, qoyub getdiyi irs siz gənclər tərəfindən öyrənilir və yaşadılır”.

Sonra Konservatoriyanın tələbələri musiqi proqramı ilə çıxış ediblər.

Chosen
25
azertag.az

1Sources