Azxeber.com saytına istinadən ain.az xəbər verir.
Son illər sosial şəbəkələrdən həddindən artıq istifadə ailə münasibətlərinə mənfi təsir göstərən amillərdən birinə çevrilib.
Bu günlərdə Biləsuvar rayonunda 33 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib. Mübahisəyə səbəb Zoyanın ondan icazə almadan "Tik-Tok” sosial şəbəkəsində qeydiyyatdan keçərək orada paylaşımlar etməsi və ona başqa qadınlarla münasibət saxlamasına görə irad bildirməsi səbəbindən yaranıb.
Milli Məclisin deputatı Fazil Mustafa AZXEBER.COM-a açıqlamasında bildirib ki, sosial şəbəkə əslində yeni dünyanın, texnologiyanın bir nemətidir:
"Bu nemətə də adaptasiya olmaq lazımdır. İnsanlar bilməlidir ki, sosial şəbəkə nə insanı tərbiyələndirir, nə də yetişdirir. Sadəcə insana daha çevik olmaq və öz həyatını tənzimləmək üçün informasiyaları verir. Sosial şəbəkədən səmərəli istifadə edən insan daha ağıllı olar, öz həyat sistemini qurar və problemlərin həllini daha çevik şəkildə təmin edə bilər”.
Parlamentari deyib ki, kimsə sosial şəbəkəyə qədər mənasız həyat yaşayıbsa, o, internetdən heç bir faydalı həyat tərzi qazana bilməyəcək:
"Yalnız qarşısına bir lövhə qoyub orada istədiyi söyüşü yazırsa, ya da küçədə danışdığı boş söhbəti sosial şəbəkəyə daşıyırsa, bu platforma həmin insan üçün əhəmiyyət daşımayacaq. Yəni necə ki, çayxanada və ya pivəxanada saatlarla başını itirirsənsə, sosial şəbəkədə də eyni hal yaşanacaq. Ona görə də bu məsələdə sosial şəbəkəni günahlandırmaq düzgün deyil. Çünki bu neməti doğru dəyərləndirmək lazımdır. Məsələn, təyyarə həm qəza törədə, həm də insanı istədiyi yerə çatdıra bilər. Amma bu o demək deyil ki, təyyarədən istifadə etməməlisən”.
F.Mustafa qeyd edib ki, burada məsələ insanın dünyagörüşü və səviyyəsi ilə bağlıdır:
"Zərərli tərəflərindən yox, faydalı tərəflərindən istifadə etmək vacibdir və bu da insanın həyat şəraitini dəyişə bilər. Ona görə də bu məsələdə əsas odur ki, sosial şəbəkənin mahiyyətini düzgün anlamaq lazımdır”.
Şahanə Ziyad
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.