EN

ABŞ niyə sərhədimizi “riskli ərazilər” kimi göstərir? DETALLAR

Metbuat portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ Dövlət Departamenti Ermənistanla bağlı səyahət tövsiyəsini yeniləyərək Azərbaycanla sərhəddə təhlükənin artdığını açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yerləşdirilib. Sentyabrın əvvəlində yenilənmiş “Ermənistana səyahət məsləhəti” (Armenia Travel Advisory) hissəsində xüsusilə Azərbaycanla sərhəd bölgələri “riskli ərazilər” kimi göstərilib.

Məsələyə münasibət bildirən politoloq Tural İsmayılov bildirib ki, ABŞ Dövlət Departamentinin Ermənistana dair son xəbərdarlığı əslində regional proseslərdə mühüm siqnal xarakteri daşıyır:

“Burada əsas diqqət Ermənistanın sərhədyanı bölgələrinin “riskli zona” elan edilməsidir. Bu, Ermənistan daxilində ictimai rəyi psixoloji təzyiq altında saxlamaq məqsədi güdür.Əslində isə ABŞ-nin bu açıqlaması Ermənistanın geosiyasi oyunların bir parçasına çevrildiyini göstərir. Henrehenin Ermənistana səfərindən dərhal sonra bu bəyanatın verilməsi təsadüfi deyil. ABŞ açıq şəkildə Ermənistana mesaj verir ki, hər an yeni gərginlik mümkündür. Bununla Vaşinqton həm İrəvanı öz orbitindən çıxmağa qoymaq istəmir, həm də daxili təzyiq mexanizmlərini işə salır”.

Politoloq deyib ki, 145 milyon dollarlıq yardım paketi sadəcə iqtisadi dəstək deyil, siyasi alət funksiyasını daşıyır. Çünki bu vəsait Paşinyanın əlini gücləndirmək və onu daha çox Qərbə bağlamaq məqsədini güdür:

“Tramp marşrutu” kimi təqdim olunan layihə də Ermənistanın Zəngəzur istiqamətində Qərbə inteqrasiyasının başlanğıcıdır. Papoyanın ABŞ rəsmiləri ilə görüşündə bu məsələlərin önə çıxarılması təsadüfi deyil. Burada ABŞ-ninErmənistanı regiondakı yeni kommunikasiya xəritəsində öz maraqlarına uyğun yerləşdirmək istəyi görünür. Bu isə Ermənistan daxilindəki revanşist qüvvələrin narahatlığını artırır. Çünki onların illərdir müdafiə etdiyi köhnə mövqelər Qərbin təzyiqi altında əriyir. Məhz buna görə də parlamentdə impiçment təşəbbüslərinin gündəmə gəlməsi təsadüfi deyil.

Paşinyan ətrafında yenidən siyasi xaos yaratmaq cəhdləri başlandığını vurğulayan T. İsmayılov qeyd edib ki, separatçı qrupların fəallaşması da eyni ssenarinin tərkib hissəsidir:

“Yəni, Ermənistan daxilində müəyyən qüvvələr ABŞ-ın açıq dəstəyi ilə Paşinyanı həm sıxışdırır, həm də idarə olunan vəziyyətdə saxlayır. Xüsusilə sərhəd bölgələrinin “qırmızı xətt” kimi elan edilməsi Ermənistan ictimaiyyətində böyük qorxu yaradır. Bu qorxu isə hakimiyyətin zəifləmiş dayaqlarını daha da risk altına qoyur. Eyni zamanda, ABŞ-nin bəyanatı Ermənistanda seçkilərlə bağlı ehtimalları da artırır. Çünki Paşinyanın mövqelərinin zəiflədiyi hər kəsə bəllidir. Revanşist qüvvələr bundan istifadə etməyə çalışır. Amma ABŞ paralel olaraq Paşinyana maliyyə və siyasi dəstək də verir. Bu, ikiqat oyun taktikasının bariz nümunəsidir”.

Analitikin açıqlamasına görə, bir tərəfdən Paşinyanı gücləndirirlər, digər tərəfdən onun üzərində təzyiq alətləri saxlayırlar. Bütün bunlar Ermənistanda siyasi mühitin sabitləşməsinə yox, əksinə, daha da gərginləşməsinə yol açır:

“Səfər xəbərdarlığı da əslində Ermənistan cəmiyyətinə verilmiş psixoloji mesajdır. Yəni “sizin ölkəniz təhlükəsiz deyil və hər an risk mövcuddur” mesajı yayılır. Bu isə Ermənistanda həm siyasi panikanı, həm də sosial çaxnaşmanı artırır. Belə vəziyyətin fonunda Ermənistanın gələcək siyasi kursu yenidən sual altına düşür. Qərbin dəstəyi ilə Paşinyan gücləndikcə, revanşistlər daha sərt çıxış edirlər. Əksinə, revanşistlərin səsi artdıqca, ABŞ Paşinyana daha çox dəstək ayırır. Bu, Ermənistanın klassik “təzyiq altında idarəetmə” modelinə salınması deməkdir”.

Tural İsmayılov hesab edir ki, ən diqqətçəkən məqam isə ABŞ-ın bəyanatı ilə paralel şəkildə Ermənistanda daxili siyasi xaosun sinxron başlamasıdır:

“Bu sinxronluq heç də təsadüfi deyil, planlı proseslərin nəticəsidir. Paşinyanın yaxın aylarda növbədənkənar seçkiyə gedə biləcəyi barədə informasiyalar da bu kontekstdə təsadüfi səslənmir. Çünki belə addım həm Qərbin, həm də Paşinyanın maraqlarına cavab verə bilər. Nəticə etibarilə, ABŞ Dövlət Departamentinin bu xəbərdarlığı Ermənistan üçün sadəcə təhlükəsizlik mesajı deyil, həm də ciddi siyasi siqnaldır. Ermənistan artıq birbaşa xarici təzyiq və yönləndirmə altında olan ölkəyə çevrilib. Bu isə bölgədə gərginliyi artırmaqla yanaşı, Ermənistanın daxili sabitliyini də sual altına salır”.

Gülbəniz Hüseynli / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
5
1
metbuat.az

2Sources