EN

BƏƏ Prezidentinin Azərbaycana səfəri yeni strateji körpünün möhkəmlənməsinə xidmət edir ŞƏRH

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 18 sentyabr, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana rəsmi səfəri Cənubi Qafqaz ilə Körfəz regionunu birləşdirən yeni strateji körpünün möhkəmlənməsi kimi qiymətləndirilməlidir. Bu, Azərbaycanın regional və qlobal miqyasda artan çəkisinin, diplomatik uğurlarının və geosiyasi mövqeyinin təzahürüdür.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar bildirib.

Onun sözlərinə görə, BƏƏ Prezidentinin səfəri və bu çərçivədə Şuşada keçirilən görüşlər göstərir ki, Azərbaycan Cənubi Qafqazda sülhün və inkişafın təşəbbüskarı kimi çıxış edir, eyni zamanda, İslam dünyasında nüfuzunu getdikcə möhkəmləndirir. Bu, həm qlobal enerji gündəliyi, həm də İslam ölkələri arasında həmrəylik baxımından mühüm məqamdır.

Ülviyyə Zülfiqar diqqətə çatdırıb ki, son illər ərzində Azərbaycan ilə BƏƏ arasında münasibətlər sürətlə inkişaf edib. Əvvəllər əsasən siyasi müstəvidə müşahidə olunan əməkdaşlıq bu gün iqtisadi, enerji və investisiya sahələrində daha da dərinləşib. Xüsusən də bərpaolunan enerji sektorunda BƏƏ şirkətlərinin fəaliyyəti artıq real nəticələr verir.

“Bu səfər iqtisadi münasibətlərin yeni mərhələyə keçdiyinin göstəricisidir. Son illərdə Azərbaycan və BƏƏ arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb. Əgər əvvəllər əməkdaşlıq daha çox neft sektoru ilə məhdudlaşırdısa, bu gün kənd təsərrüfatı, logistika, turizm və xidmət sahələri ön plana çıxır. Bu, iki ölkə arasında qarşılıqlı inamın və uzunmüddətli strateji tərəfdaşlığın bariz nümunəsidir”, - deyə ekspert əlavə edib.

O, həmçinin bildirib: “2025-ci ilin ilk səkkiz ayında iki ölkə arasında ticarət dövriyyəsi 104,6 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 76,1 faiz artım deməkdir. 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycandan BƏƏ-yə ixrac 54,7 milyon dollar, idxal isə 22,5 milyon dolları keçib. Bu da ümumi ticarət dövriyyəsinin 77,3 milyon dollardan artıq olduğunu göstərir”.

Siyasi şərhçinin sözlərinə görə, səfərin humanitar tərəfi də diqqətdən kənarda qalmır. Azərbaycan və BƏƏ arasında mədəniyyət, təhsil və turizm sahəsində yeni layihələr gözlənilir ki, bu da xalqlar arasında yaxınlaşmanı daha da gücləndirəcək.

“Bütün bunlar Azərbaycanın çoxşaxəli xarici siyasətinin və açıq iqtisadi strategiyasının nəticəsidir. Prezident İlham Əliyevin həyata keçirdiyi kurs sayəsində Azərbaycan bu gün Körfəz ölkələri üçün təkcə etibarlı tərəfdaş deyil, həm də enerji təhlükəsizliyi, yaşıl enerjiyə keçid və iqtisadi əməkdaşlıq baxımından strateji mərkəzə çevrilməkdədir”, - deyə Ülviyyə Zülfiqar vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
36
1
azertag.az

2Sources