EN

Bütövlüyümüzün bərpasında vacib addım



20 Sentyabr – Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası ilə bağlı xüsusi əhəmiyyət daşıyan bir tarixdir. Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edilir. 2023-cü ilin sentyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror tədbirləri nəticəsində bu ərazilərdə suverenlik bərpa olundu.
19-20 sentyabr 2023-cü ildə Azərbaycan Qarabağ bölgəsində qanunsuz erməni silahlı birləşmələrinə qarşı lokal antiterror tədbirləri keçirdi. Bu tədbirlər nəticəsində Xankəndi (Stepanakert), Xocalı, Xocavənd və Ağdərə şəhərləri nəzarət altına alındı. 20 sentyabrda qanunsuz silahlı birləşmələr silahı yerə qoyaraq təslim oldu. Bununla da, ölkənin suverenliyi faktiki olaraq bütün Qarabağ ərazisində bərpa edildi. Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il 18 sentyabr tarixli Sərəncamı ilə hər il 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edilməyə başlanıldı. Bu günün təsis edilməsi 30 ildən artıq davam etmiş işğalın sona çatmasının, minlərlə şəhidin qanı və canı bahasına qazanılmış qələbənin rəmzidir. 2023-cü il oktyabrın 15-də Prezident, Ali Baş Komandan İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan bayrağını ucaltdı. Dövlət başçısının sözləri bu tarixi anın mahiyyətini açıq göstərirdi: “Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı... Düz 20 il bundan əvvəl xalqıma söz vermişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər icra edildi.” Bu çıxış Azərbaycan xalqının həmrəyliyini və dövlətin qətiyyətli siyasətinin nəticələrini nümayiş etdirdi”. Həmçinin, ölkə başçısı İlham Əliyevin 28 noyabr 2023-cü il tarixli Sərəncamı ilə Xankəndidə Qarabağ Universiteti yaradıldı. Universitet artıq fəaliyyətə başlayıb və dövlət başçısının sözləri ilə desək, Xankəndi tələbələr şəhərinə çevrilb. Bu ali məktəb Qarabağın elmi, mədəni və sosial inkişafına böyük töhfə verəcək”. Bu gün artıq Xankəndi, Xocalı, Xocavənd, Ağdərə Azərbaycanın dövlətçilik tarixində yeni inkişaf mərhələsinin rəmzlərinə çevrilib və bayrağımız bu torpaqlarda əbədi olaraq dalğalanacaqdır.

Bəhruz Ramazanov,
YAP Qusar rayon təşkilatının məsləhətçisi.



Chosen
10
2
aia.az

3Sources