EN

Bir gündə dəyişən TARİX

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

20 sentyabr ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd olunur. Bu tarix 2023-cü il sentyabrın 20-də Azərbaycan ordusunun həyata keçirdiyi antiterror əməliyyatı ilə bağlıdır. 

Antiterror əməliyyatı ölkəmizin suverenliyinin qorunması, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində atılan tarixi addımlardan biridir.  

2024-cü il sentyabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş bu gün dövlətin gücünü, müstəqilliyini və ərazi bütövlüyünü xatırlatmaq məqsədi daşıyır. 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a danışan Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib ki, 20 sentyabr tarixini Azərbaycan xalqı öz tarixi yaddaşında şərəfli və əzəmətli bir gün kimi qeyd edir və bu gün əbədi olaraq xatırlanacaq. 

O qeyd edib ki, 2023-cü ilin 20 sentyabrında Azərbaycan  Qarabağ üzərində və xüsusilə də Xankəndi, Ağdərə, Xocalı, Xocavənd və ətraf qəsəbələrdə tam suverenliyini bərpa etdi:

“Bununla da son 200–300 il ərzində Azərbaycan özünün həm tarixi, həm geosiyasi, həm iqtisadi, həm hərbi, həm diplomatiya baxımından ən güclü dövrünü yaşamağa başladı. Azərbaycana qarşı beynəlxalq münasibət də əsaslı şəkildə dəyişdi və ölkəmiz dünya siyasətində daha fəal, aparıcı rol oynamağa başladı. Bu, bir daha təsdiqlədi ki, Azərbaycan öz suverenliyini bərpa edib və artıq ən böyük güc mərkəzləri - istər ABŞ, istər Avropa, o cümlədən Fransa və digər ölkələr bu nəticəni gözləmirdilər.

Bunu dəfələrlə qeyd etmişəm, hazırda dünyada elə münaqişələr var ki, 1990-cı illərin əvvəllərindən etibarən başlayıb, hələ də davam edir. Məsələn, Cənubi Osetiya, Abxaziya və Balkanlarda baş verən qarşıdurmalar, hələ də Hindistanla Pakistan arasında Kəşmir problemi mövcuddur. Keçmiş Ermənistan-Azərbaycan münaqişəsi 19-cu əsrin I yarısından rmənilərin köçürülməsi, Çar Rusiyasının və sonradan müxtəlif qüvvələr tərəfindən manipulyasiya olunması ilə başlayıb. Ancaq digər münaqişələrin hələlik həllini tapmadığını görürük”.

Tural Gəncəliyev bildirib ki, bu strateji yanaşma Azərbaycanın mövqeyinin möhkəmlənməsinə, suverenliyinin qorunmasına və regionda yeni siyasi-reallıqların formalaşmasına mühüm təsir göstərib:

“Təbii bütün dünya gözləyirdi ki, Azərbaycan torpaqları da işğal altında qalacaq. Ermənistanın istəyi və səyləri də buna yönəlmişdi. Düşünürdü ki, nəsillər keçdikcə, dünya və Azərbaycan bununla barışacaq. Ancaq 44 günlük müharibədən sonra artıq bunun mesajını verdik ki, biz torpaqlarımızı bir metr də olsa, düşmənin tapdağında saxlamayacağıq və haqqımızı geri alacağıq.

Hətta 2020-ci il 44 günlük müharibədən sonra bir çox insan həm Azərbaycanda, həm də xaricdə strategiyanın dərinliyini və vizionu dərhal anlaya bilmirdilər. Hamı təəccüblənirdi ki, bəs digər ərazilərin taleyi necə olacaq? Xankəndi, Xocalı şəhərləri necə olacaq? Lakin bizim bilmədiyimiz məqamları cənab Prezident bilirdi.

O, dərin strateji planlama, geosiyasi müdriklik və soyuqqanlı yanaşma ilə emosiyalardankənar, ağıllı şəkildə hərəkət etdi. Dünya səviyyəsində gedən prosesləri və Azərbaycana qarşı olan gücləri nəzərə alaraq, hesablanmış addımlar atmaq lazım idi ki, müharibə uğurla və dəqiq nəticə ilə bitirilsin”.

Deputat vurğulayıb ki, 2023-cü ilin 20 sentyabrında, bir sutkadan da az müddətdə antiterror tədbirləri ilə tarix dəyişib:

“Son 300–400 ilin tarixində Azərbaycan belə belə bir qısa vaxtda bu cür mühüm dönüş nöqtəsi olmamışdı. Oyunun qaydalarını və şərtlərini dəyişdik. Heç kim bunu gözləmirdi. Nə ATƏT-in Minsk qrupunun həmsədrləri, nə müxtəlif beynəlxalq qurumlar, nə də Ermənistanın havadarları, diasporu və revanşist qüvvələri, heç kəs belə bir nəticəni təsəvvür edə bilmirdi.

 Biz Xocalı soyqırımını artıq alnıaçıq, başıdik şəkildə anırıq. 30 il ərzində biz bədbinlik içərisində Xocalı soyqırımının şəhidlərini o torpaqlardan kənarda anırdıq. Sanki ruhumuz incimişdi. Amma bu gün biz həm qanlı tariximizi, yaddaşımızı anırıq, həm də düşmənin törətdiyi vəhşilikləri heç vaxt unutmayacağıq”. 

Tural Gəncəliyev bildirib ki, bu gün dünyanın diplomatik və siyasi nəbzi Qarabağda vurur:

“Suverenliyimiz, ərazi bütövlüyümüz əbədidir. Azərbaycan artıq başqa bir Azərbaycandır. 2023-cü ilin 20 sentyabrından etibarən yeni bir Azərbaycan öz lideri ilə dünyaya səs saldı.

Bundan sonra ölkəmizin geosiyasi çəkisi və qüdrəti nəzərəçarpacaq dərəcədə artdı. Uzaq Şərqdən Avropaya qədər artıq aparıcı geosiyasi və diplomatik proseslər Azərbaycanın ətrafında cərəyan edir. Xarici liderlər ölkəmizə gəlir, Qarabağı ziyarət edirlər. Bir vaxtlar heç təsəvvür etmək mümkün deyildi ki, dünyanın siyasi liderləri Qarabağa, Xankəndiyə, Şuşaya səfər etsinlər. Ancaq bu gün reallıq belədir".

Əfsanə Rəcəb

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
1
cebheinfo.az

2Sources