EN

Şermanın “Menendez yolu”

Amerikalı konqresmen Bakı, Ankara və Vaşinqtonun özünə qarşı

Deyəsən, ABŞ ermənipərəstlərinə senator Robert Menendezin acınacaqlı aqibəti dərs olmayıb. Dərs çıxarmayanlardan biri də ölkənin Nümayəndələr Palatasının üzvü Bred Şermandır. O, Amerika Erməni Milli Komitəsinin (Armenian National Committee of America - ANCA) “direktivlərindən” ilhamlanaraq iki “təşəbbüslə” çıxış edib.

Beləliklə, Şerman Nümayəndələr Palatasına Türkiyəyə və Azərbaycana qarşı yönələn düzəlişlər təqdim edib. Düzəlişlərdən ikincisi birbaşa ölkəmizlə bağlıdır. Hələlik, birincidən başlayaq və deyək ki, konqresmenin ilk sərsəmləməsinə görə, Türkiyə “Ermənistanın blokadasını aradan qaldırana”, Azərbaycan isə “bütün erməni hərbi əsirləri azad edənə” qədər ABŞ-ın Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının dəstəyindən məhrum edilməlidir. Şermanın ikinci qanunvericilik “təklifindən” isə yazımızın növbəti bölümündə söz açacağıq.

* * *

Əvvəla, onu deyək ki, konqresmenin “təşəbbüslərinə” dair məlumatı ANCA-nın yayması qurumun məsələdə əlinin olduğunun birbaşa sübutudur. Nəzərə alaq ki, Şerman sözügedən qurumun Kapitoli təpəsində keçirilmiş və Qarabağda “soyqırımına” həsr olunmuş “Hesabatlılıq 2025” adlı konfransında çıxış edərkən məsələyə təfsilatı ilə izahat verib: “Düzəlişim onu nəzərdə tutur ki, Ermənistan üzərində blokada davam etdiyi müddətdə Türkiyəyə bir qəpik də verilməsin və əsirlər azad olunmayana qədər Azərbaycana da bir qəpik ayrılmasın”.

Ardını biz deyək: Azərbaycan və Türkiyə qəpiyə ehtiyac duymur, Şerman isə ANCA-nın tulapayının həsrətində olacaq qədər miskin və rəzildir. Axı indiyədək onun belə “payları” az olmayıb. Konqresmen qurumla sıx əməkdaşlıq edib. Yoxsa, ona niyə “Ədalətin müdafiəçisi” (“Advocate for Justice”) mükafatını təqdim edilsin ki? Hər halda, mükafat boş kağız parçasından, yaxud plaket lövhədən ibarət deyildi. Arxasında maliyyə dəyəri dayanırdı və onun təqdimatı 2016-cı ildə baş vermişdi. 2021-ci ildə isə ANCA-nın İdarə Heyəti üzvlərinin Şermanla görüşündə İkinci Qarabağ müharibəsi, Ermənistana və Qarabağa (keçmiş separatçı rejimə - red.) humanitar yardım, eləcə də Azərbaycana qarşı 907-ci düzəlişlə əlaqədar məsələlər müzakirəyə çıxarılmışdı.

Yeri gəlmişkən, Şerman ABŞ Konqresindəki Erməni Komitəsinin üzvü kimi də Azərbaycana və Türkiyəyə qarşı yarıtmaz təşəbbüslərin fəal iştirakçısıdır. Görünür, elə buna görə də o, 2022-ci ildə Ermənistan dövləti tərəfindən ordenlə mükafatlandırılıb. Sən demə, konqresmenin Vaşinqton-İrəvan münasibətlərinin gücləndirilməsi istiqamətində xüsusi xidmətləri olubmuş. Habelə, Şermanın əvvəllər “Mxitar Qoş” medalı ilə də təltif edildiyi və bu medalın Ermənistan dövlətinin yüksək dəyərə malik mükafatı olduğu məlumdur. O da məlumdur ki, qoca konqresmen məhz ANCA-nın “prioritetləri” üzərində qanunvericilik təşəbbüslərini dəstəkləmək üzrə, bir növ, ixtisaslaşıb. Güman edirik, hər şey aydındır. Elə isə yazımızın haqqında anonsunu verdiyimiz növbəti bölümünə keçid alaq.

* * *

Deməli, Şermanın ikinci “qanunvericilik təşəbbüsü” ABŞ Dövlət Departamenti tərəfindən saksiyalaşdırılma ilə bağlı qanuna düzəlişdir. Bu təşəbbüs daha böyük məkrli məqsəd güdür və Birləşmiş Ştatlar Prezidentinin “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin qüvvəsini dayandırmaq hüququnun aradan qaldırılması mahiyyətini daşıyır. Şermanın dediyinə görə, hazırda ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi bu məsələnin və ANCA-nın dəstəyi ilə konqresmen Con Kerri tərəfindən təqdim olunmuş bir neçə digər düzəlişin müzakirəsini aparmaqdadır.

Qeyd edək ki, Prezident İlham Əliyev avqustun 8-də ABŞ-a işgüzar səfəri zamanı Vaşinqtonda ölkəmizin media vasitələrinə müsahibəsində Prezident Donald Tramp tərəfindən 907-ci düzəlişin qüvvəsinin dayandırılması ilə bağlı bunları demişdi: “Azərbaycanın önəmini, onun geosiyasi əhəmiyyətini, Azərbaycanın Amerika Birləşmiş Ştatlarına həmişə dost ölkə olmasını cənab Tramp çox yaxşı bilir. Əlbəttə ki, şəxsi təmaslar bizim münasibətlərimizdə önəmli rol oynayacaq. Təbii ki, 907-ci düzəlişin ləğv olunması, hesab edirəm ki, tarixi hadisədir. Artıq strateji əməkdaşlıq formatına başlamağımız da hesab edirəm ki, tarixi hadisədir”.

Dövlətimizin başçısı müsahibəsində, həmçinin, “Azadlığa dəstək aktı”na 907-ci düzəlişdən imtinanın özünün iştirakı ilə Prezident Tramp tərəfindən oval ofisdə gerçəkləşməsinin çox rəmzi məna daşıdığını da vurğulamışdı. “Prezident Tramp bunu başqa formada da edə bilərdi. O, bunu daha sonra da imzalaya bilərdi. Amma bunu hələ 1992-ci ilin oktyabrından bəri Konqres tərəfindən haqsız olaraq sanksiyaya məruz qalan Azərbaycanın Prezidentinin qarşısında etmək qərarına gəldi. O zaman təbii ki, Konqres üzvlərinin Azərbaycandan, Cənubi Qafqazda baş verənlərdən xəbəri yox idi. Onlar erməni lobbi qruplarının təsiri altına düşüb və qurban Azərbaycanı işğalçı kimi təqdim edirdilər. Beləliklə, bu düzəliş bizi həmin o illərdə çox ehtiyac duyduğumuz birbaşa Amerika yardımından məhrum etmişdir. O vaxt Azərbaycan qaçqınların sayı çox, iqtisadiyyatı isə bərbad vəziyyətdə olan kasıb ölkə idi. Nəticədə, biz sanksiyalar altında olan yeganə keçmiş Sovet İttifaqı respublikası idik”, - deyən cənab İlham Əliyevin Ağ Evdə ABŞ-nin dövlət başçısına “33 il davam edən sanksiyaların sonu Prezident Trampın sayəsində mümkün oldu” şəklində iltifatı da hər kəsin yaxşı xatirindədir. İkincinin ölkəmizin liderinə “Xalqınız böyük xalqdır” şəklində qarşılıq verməsi də həmçinin.

Sözümüz ondadır ki, Şerman kimi parabeyinlər erməni lobbisinin köməyi ilə nəinki anti-Azərbaycan və anti-Türkiyə mövqe tuturlar, eyni zamanda, ABŞ-Azərbaycan və Vaşinqton-Ankara münasibətlərinin hazırkı müsbət axarına da zərbə vurmaq niyyəti güdürlər. Belə bir niyyətin isə hazırda Ermənistana heç bir xeyri yoxdur. Əksinə, ANCA və digər erməni təşkilatlarının Şerman və başqa pul hərisi konqresmenləri “hərəkətə gətirmələri” Bakı-İrəvan sülh gündəliyinə, habelə Ankara-İrəvan normallaşması zərbədir.

Sonda onu da bildirək ki, şermanların qaldırdıqları “təşəbbüslərin” heç bir təsiri yoxdur. İndiki durumda isə heç yoxdur. Onlar, sadəcə, özlərinin lazım olduqlarını göstərməyə kökləniblər. Şübhəsiz, mənasız canfəşanlıqları ANCA-dan gələn “gəlirlərin” sabitliyini qorumaq naminədir. Fəaliyyətində Azərbaycana və Türkiyəyə qarşı mübarizənin ön planda dayandığı təşkilatlar isə şermanlara “çəkdikləri əziyyətin” lazım olmadığını başa salıb, maliyyə ödənişlərindən imtina edə bilməzlər. İmtina etsələr, gərək ofislərini bağlayıb, özlərini buraxsınlar. Hərçənd, gedişat ona doğrudur. Ya da ANCA və ona bənzər sərsəm məqsədli avantürist təşkilatlar acgöz şermanları tamahkar menendezslər kimi qızışdırıb həbsxanalarda çürütməkdə israrlıdırlar.

Ə.CAHANGİROĞLU
XQ

Chosen
5
1
xalqqazeti.az

2Sources