EN

“Hətta 48 israilli girov azad edilsə də, Netanyahu Qəzzada soyqırımı durdurmayacaq...”

“Müharibəni dayandırsa, Netanyahu yox, Tramp dayandıra bilər. Ağ Evdən isə hələlik  ayrı rüzigarlar əsir...”
 
“Qəzzada bu gün dünya ictimaiyyətinin gözü qarşısında insanlıq faciəsi və bəşəri dəyərlərin gömülməsi baş verir. İsrail dövləti Birləşmiş Ştatların qətiyyətli və hərtərəfli dəstəyi ilə Yaxın Şərqi müharibə meydanına çevirib. İstədiyi dövlətə hücum edir, istədiyinə hava zərbələri endirir, hədələyir, şantaj edir”. 
 
Bunu Moderator.az-a açıqlamasında “Qəzzada baş verənlərin sonunu necə görürsüz? İsrailin “HƏMAS”-ın 7 oktyabr hücumunu bəhanə edərək başlatdığı və bu günlər bütövlükdə zolağı zəbt etmək üçün genişmiqyaslı hücumla davam etdirdiyi faktiki soyqırımının nə vaxt dayanacağını düşünürsüz?” suallarını cavablandırarkən ifadə edib.
 
“BMT bir beynəlxalq təşkilat kimi yararsız olduğunu və aciz duruma düşürüldüyünü bir daha göstərdi. Bəli, 2023-cü ilin noyabrın 7-də “HƏMAS”-ın Yəhudi dövlətinə basqını Təl -Əvivın əlinə yeni torpaqları zəbt etmək üçün bəhanə verdi. Fəqət,  “HƏMAS”- ın həyata keçirdiyi "Əl- Əqsa Tufanı" əməliyyatının bədəlini ən ağır şəkildə fələstin xalqına ödətdirmək olmaz. BMT Qəzzada baş verənləri rəsmən genosid adlandırıb, lakin praktik addımlar atılmır”, -deyə davamında həmsöhbətimiz bildirib. 
 
Siyasi şərhçi hesab edir ki, hətta 48 israilli girov azad edilsə belə, Netanyahu Qəzzada soyqırımı durdurmayacaq.
 
“Göründüyü kimi, bu soyqırımı durdurmaq üçün bəyanatlar və qınama kifayət deyil. İsrailin Dohada “HƏMAS” liderlərinə hava hücumu sülh təşəbbüslərini sabotaj etmək idi. Məlum olduğu kimi, Tramp Qəzzada atəşkəsin əldə olunması və vəziyyəti nizamlamaq üçün təkliflərlə çıxış etmişdi. Faktiki olaraq hadisələrin axarı və yerüstü hərbi əməliyyatların ikinci daha dağıdıcı fazasına qədəm qoyması onu deməyə əsas verir ki, İsrailin məqsədi zolağı qəzzalılardan tam təmizləmək, oraya sahib olmaqdır. Tramp da eynisini bəyan etmişdi.  Bu, planlı şəkildə fələstin xalqını öz torpaqlarından zorla çıxarmaq prosesidir.  Baxmayaraq ki, İsrailin hərəkətləri  dünya ictimaiyyətinin qəzəbinə və qınağına səbəb olub, Qəzza tam boşaldılnayınca Təl-Əvivin hərbi əməliyyatları dayandıracağı gözlənilmir. Hətta 48 israilli girov azad edilsə belə, Netanyahunun işğalı davam edəcək. Müharibəni dayandırsa, Netanyahu yox Tramp dayandıra bilər. Ağ Evdən isə hələlik  ayrı rüzigarlar əsir”, -deyə Əli Orucov təəssüflə diqqətə çatdırıb.
 
Sultan Laçın
 
Chosen
2
3
moderator.az

4Sources