EN

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasının ilk iclası keçirilib  

Sentyabrın 17-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Azər Əmiraslanov çıxış edərək, gündəliyə 10 məsələnin daxil olunduğunu bildirib.

Müzakirəyə əvvəlcə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində cari ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabat təqdim edilib. Bildirilib ki, ötən sessiyada komitədə 23 iclas keçirilib, ümumilikdə, 90 məsələ müzakirə edilib, həmçinin komitəyə vətəndaşlardan, idarə və təşkilatlardan daxil olan müraciətlərlə bağlı müvafiq tədbirlər görülüb.

Sonra komitənin payız sessiyası üçün iş planı barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, sənəddə qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinə baxılması və digər məsələlər nəzərdə tutulub.

Komitə sədri növbəti iki məsələ - “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (ÜTİK-25) keçirilməsi, təşkili və maliyyələşdirilməsi ilə bağlı Saziş”in təsdiq edilməsi haqqında və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə İslam İnkişaf Bankı Qrupu arasında Azərbaycan Respublikası Hökuməti (ev sahibi ölkə) tərəfindən İİB Qrupunun 2026-cı ildə keçiriləcək İllik Toplantıları üçün təminatlara dair Anlaşma Memorandumu”nun təsdiqlənməsi haqqında qanun layihələri ilə bağlı məlumatları təqdim edib. Bildirib ki, layihələr ölkəmizin sözügedən beynəlxalq tədbirlərə ev sahibliyinin təminatı məsələlərini tənzimləyir.

Gündəliyin beşinci məsələsi olan “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanun layihəsi (birinci oxunuş) barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov məlumat verib. Bildirilib ki, qanun layihəsi nəqliyyat-ekspedisiya fəaliyyətinin iştirakçıları arasında yaranan münasibətlərin tənzimlənməsi, bu sahədə olan boşluqların tamamilə aradan qaldırılması, daha yüksək keyfiyyətli xidmətin göstərilməsi məqsədilə hazırlanıb. Nazir müavini nəqliyyat-ekspedisiya fəaliyyətinin layihədə təsbit olunan hüquqi əsasları, əsas prinsipləri, bu sahənin dövlət tənzimlənməsi mexanizmləri və digər məsələləri barədə bəhs edib.

Gündəliyin altıncı məsələsi olan Mülki Məcəllədə, Ticarət Gəmiçiliyi Məcəlləsində, “Nəqliyyat haqqında” və “Avtomobil nəqliyyatı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı bildirilib ki, sənəd “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” yeni qanun layihəsindən irəli gələrək hazırlanıb. Belə ki, yeni qanun layihəsindəki yeni məzmunda anlayışların və normaların tələblərinə əsasən, iki məcəlləyə və iki qanuna müvafiq dəyişikliklər təklif olunub.

Rəhman Hümmətov “Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatı da diqqətə çatdırıb. Vurğulanıb ki, layihə müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin yerlərinin müəyyənləşdirilməsi, onların quraşdırılması və idarə olunması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanıb və bu sahədə vahid səlahiyyətli qurumun müəyyən edilməsini nəzərdə tutur.

“İpoteka haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətin tabeliyində olan "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik Hüquqi Şəxsin departament direktoru Lalə Əkbərova məlumat verib. Qeyd olunub ki, sənəddə ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun dəyişdirilməsi barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi və üstünlük hüququnun dövlət reyestrində qeydiyyata alınması təklif olunub.

Doqquzuncu məsələ olan Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) İqtisadiyyat Nazirliyinin şöbə müdirinin müavini Elxan Şiriyev təqdim edib. Layihədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidentinin sənaye parkındakı həmin fəaliyyətdən əldə etdiyi mənfəətə, sənaye parkındakı əmlakına görə vergilərdən azadolmanı, eyni zamanda, malların idxalı üçün gömrük rüsumundan azadolmanı 2030-cu ilədək uzadılması təklif olunub.

Gündəliyin sonuncu - “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” və “Standartlaşdırma haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Elməddin Quliyev məlumat verib. Qeyd olunub ki, layihə uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya sisteminin beynəlxalq təcrübəyə və standartlara uyğunlaşdırılmasını nəzərdə tutur.

Gündəlikdəki məsələlərin müzakirəsində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov, komitə üzvləri Vüqar Bayramov, Əli Məsimli, Aydın Hüseynov, Ziyad Səmədzadə, Tahir Mirkişili, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Baş idarə rəisi Nicat İmanov, Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri Yeganə Balakişiyeva çıxış edib, rəy və təkliflərini bildiriblər.

İclasda ötən sessiyada komitədə görülmüş işlər məqbul hesab olunub, komitənin qarşıdakı sessiya üçün iş planının layihəsi təsdiqlənib və qanun layihələrinin hamısı baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Chosen
12
3
azerbaijan-news.az

4Sources