EN

"Qarabağ"da ilk 15-20 dəqiqədə qol buraxmaq adət halı almaqdadır - Keçmiş baş məşqçi

Xəbər verdiyimiz kimi, dünən UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda "Qarabağ" Portuqaliyada “Benfika”nı 3:2 hesabı ilə məğlub edərək tarix yazdı.

"Qarabağ"ın qələbəsini Redaktor.az-a şərh edən "Kəpəz"in keçmiş baş məşqçisi, premyer liqa təcrübəli Etibar İbrahimov öncə dünənki oyunla bağlı bütün Azərbaycan xalqını təbrik etdi:

"Möhtəşəm və gözəl qələbə idi. Biz düşünsək ki, qələbə kimin üzərində olub, bu ikiqat sevindiricidir. Hər şeyi büdcə ilə ölçsək, deyə bilərik ki, "Benfika"nın büdcəsi 335-340 milyon, "Qarabağ"ın büdcəsi isə 24 milyondur. Amma mən büdcəni tamamilə kənara qoyuram. Burada komandanın tarixi var. "Benfika" səhv etmirəmsə, 1904-cü ildə yaradılıb. 121 illik tarixi var. Etiraf edək ki, Portuqaliyanın ən köklü klublarındandır, ən çox titul qazanan klublardan biridir. 38 dəfə ölkə çempionu, 30 dəfə vitse-çempion, 26 dəfə ölkə kubokunun qalibi olub, 1961-62-ci ildə Çempionlar Liqasını qazanıb və 5 dəfə Avroliqanın finalına çıxıb. Belə komandaya qarşı qalib gəlmək, o qədər azarkeş qarşısında, üstəlikdə rəqibin evində həqiqətən möhtəşəm idi".

Müsahibimiz qeyd etdi ki, sevindirici hallardan biri də odur ki, komandamıza qələbə ilk turda gəldi:

"Dördüncü, beşinci tura kimi məğlubiyyətlər olsaydı, komanda sonrakı oyunda qalib gəlsəydi, bu motivasiya tam olmazdı. Çox şükürlər olsun ki, "Qarabağ" ilk turda qalib gəldi. Gəlin etiraf edək ki, bir insan hansısa yeməyin dadını bilməyəndə ona darıxmır, amma "Qarabağ" artıq bu dadı, bu qələbəni hiss etdi. Bu qələbə komandaya yeni stimul və motivasiya verdi. Niyə də növbəti oyunlarda qələbələr ardıcıl olmasın? Çünki komanda artıq göstərdi ki, qalib gələ bilərlər. Oyunda əsas diqqəti çəkən və sevindirici hal digər bir məsələdir. Komanda 15-ci dəqiqədə 2:0 geridə oldu. Qolların biri standartdan, digəri isə xoşagəlməz bir hadisədən baş verdi. Medina topu çıxartmaq istəyərkən Bəhlula toxundu və rəqib oyunçunun qabağına düşdü, o da bundan məharətlə yararlandı. Birinci top isə standartdan olmuşdu. Biz bilirik ki, "Qarabağ" əvvəllər də standartlardan qollar buraxıb və inşallah gələcəkdə bunun üzərində daha çox çalışacaqlar. Amma sevindirici hal odur ki, 2:0 geridə olmasına baxmayaraq "Qarabağ" futbol oynamasını davam etdirirdi. Bəli, "Benfika" təzyiq etmişdi və ilk 15-20 dəqiqədə istədiyini əldə etmişdi. Xatırlayaq ki, "Qarabağ" qrup mərhələsinə düşməmişdən öncə seçmə oyunlarda da ilk dəqiqələrdən qol buraxmış, amma sonradan toparlanaraq qalib gəlmişdi".

Keçmiş baş məşqçinin fikrincə, "Qarabağ"da ilk 15-20 dəqiqədə qol buraxmaq adət halı almaqdadır:

"Təbii ki, məşqçi bunun üzərində işləyərək gələcəkdə belə qolların buraxılmamasını təmin edəcək. Statistikaya baxsaq, "Benfika" ilə ev oyununda bütün göstəricilər bərabər idi. Dörd-beş ay əvvəl həmin "Benfika" böyük komandalara qalib gəlmişdi, amma statistik göstəricilərdə bu gün bərabərlik vardı. Bu da bizi sevindirməməyə bilməz, çünki komandanın yaratdığı qol şansları, dirəkdən dönən toplar və digər epizodlar həqiqətən möhtəşəm idi. Bu qələbə ilə bir daha "Qarabağ" ailəsini və bütün Azərbaycan xalqını təbrik edirəm. Gələcəkdə hamımız bir ürəklə "Qarabağ"a azarkeşlik edəcəyik", - deyə Etibar İbrahimov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Chosen
66
50
redaktor.az

10Sources