EN

Bakıda “Türk Dünyası: Ortaq Mirasdan Ortaq Gələcəyə Doğru” konfransı keçirilib

BAKI, TurkicWorld, Fərid Mikayılov

Azərbaycanda “Orta Asiya və Cənubi Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyi tərəfindən, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil edilən “Türk Dünyası: Ortaq Mirasdan Ortaq Gələcəyə Doğru” adlı beynəlxalq konfrans geniş iştirakla baş tutub.

TurkicWorld xəbər verir ki, tdbirdə KKTC-nin Bakıda səfiri Ufuk Turqaner, Türkiyə səfirliyinin İctimaiyyətlə əlaqələr müşaviri Dr. Cihangir İşbilir, millət vəkilləri, türk dünyası ölkələrinin səfirlik nümayəndələri və çoxsaylı qonaqlar iştirak ediblər.

Konfransda çıxış edən Kipr Türk Medya İdarə Heyətinin sədri və Kipr Türk Haber-in baş redaktoru Alihan Pehlivan, Şimali Kipr Türk Cümhuriyyətinin türk dünyası üçün strateji əhəmiyyətini xüsusi vurğulayıb.

“KKTC, türk dövlətlərinin Şərqi Aralıq dənizindəki qalasıdır. Səsimizin Azərbaycanda və türk dünyasında daha gur çıxması üçün buradayıq. Bu məqsədlə Azərbaycanda rəsmi nümayəndəlik açdıq. İnvestisiyalarımızı daha da genişləndirərək türk dünyası ilə bağlarımızı gücləndirəcəyik”- deyə Pehlivan çıxışında bildirib.

Konfrans çərçivəsində türk dünyasının ortaq tarix və mədəni irsindən çıxış edərək gələcəyə yönəlik əməkdaşlıq imkanları müzakirə olunub. Qonaqlar türk xalqları arasında birliyin və həmrəyliyin artırılmasının vacibliyinə diqqət çəkiblər.

Chosen
32
turkic.world

1Sources