Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən tekstil sahəsi üzrə iş adamı A.A. (adı açıqlanmır) qaçırılaraq İstanbulda gizli bir yerə aparılıb.
Hakimiyyet.az "Haber7"yə istinadla xəbər verir ki, qaçıran şəxslər iş adamından 15 milyon lirə fidyə tələb ediblər.
Hadisə barədə polisə müraciət edən A.A.-nın yaxınları onun harada olduğunu bilmədiklərini bildirərək kömək istəyiblər. Aparılan araşdırmalar nəticəsində A.A.-nın qaçıranlar tərəfindən İstanbul şəhərinə aparıldığı müəyyən olunub.
İstanbul Polis İdarəsinə daxil olan məlumat əsasında əməliyyat başladılıb. Araşdırmalar göstərib ki, A.A. əvvəlcə Bursa vilayətinin Karacabey rayonuna gətirilib və burada İstanbuldan gələn digər şübhəlilərə təhvil verilib.
Polis şübhəlilərin istifadə etdiyi avtomobilin qeydiyyat nişanını müəyyən edib və Bağcılar bölgəsində park edilmiş vəziyyətdə tapıb. Aparılan əməliyyatla A.A. azad olunub və hadisədə iştirak edən beş şübhəli saxlanılıb.
Həmidə İbrahimova