Amerika Birləşmiş Ştatlarından avtomobil gətirib satanlar həbs ediliblər.
AFN.az Qafqazinfo-ya istinadən xəbər verir ki, dilerlər yarım milyonluq dələduzluqda təqsirli biliniblər.
Şikayətlər əsasında 34 yaşlı Tapdıq Qarayev, 33 yaşlı Orxan Şükürov və 24 yaşlı Bəylər Əhmədzadə polis əməkdaşları tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. İlk iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Onlardan Bəylər hadisə vaxtı ADA Universitetinin tələbəsi olub. O, Orxanla avtomobil almaq məqsədilə tanış olub və sonradan birlikdə işləməyə razılaşıblar.
İstintaq materiallarına əsasən, 2023-cü ildən Orxan Şükürov, Tapdıq Qarayev və Bəylər Əhmədzadə “Bidgroup.az” adlı instaqram səhifəsi vasitəsilə vətəndaşlara ABŞ-dən avtomobil gətirib satmağı təklif ediblər. Onlar özlərini “Lion Trans” şirkətinin dileri kimi təqdim edərək “Jeep Wrangler”, “BMW F10”, “BMW X7”, “Range Rover” və “BMW G30” kimi lüks avtomobilləri 2-3 ay ərzində gətirəcəklərini bildiriblər.
Zərərçəkmişlər – Əflatun Həsənov, Elsevər Hüseynov və Kənan Sahibov sifarişlər üçün ümumilikdə yarım milyon manata yaxın pul ödəyib. Lakin avtomobillər gətirilməyib və alıcılar aldadılıb.
Təqsirləndirilən şəxslər məhkəmədə özlərini təqsirli bilməyiblər. Onlar əvvəlcədən uzun müddət problemsiz avtomobil gətirdiklərini, lakin sonradan borc və digər problemlərlə üzləşdiklərini deyiblər. Həmçinin avtomobillərin gətirilməməsinə görə istintaqdan kənarda qalan şəxslərin də məsuliyyət daşıdığını iddia ediblər.
Zərərçəkmişlər isə dəymiş ziyanın hələ də ödənilmədiyini bildiriblər.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi ittihamı əsaslı hesab edib. Hakimlər belə qənaətə gəlib ki, təqsirləndirilənlərin müdafiə üçün gətirdiyi dəlillər əsassızdır və yalnız özünü müdafiə xarakteri daşıyır.
Hökmə əsasən, Orxan Şükürov və Tapdıq Qarayev 7 il, Bəylər Əhmədzadə isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Tələbəlik dövründə cinayət törədən Bəylər məhkəmə zalında həbs edilib.