EN

Prezident “Qarabağ”ı “Benfika” üzərində qələbə münasibətilə təbrik edib

Prezident İlham Əliyev “Qarabağ”ı “Benfika” üzərində qələbə münasibətilə təbrik edib.

İnterpress.az xəbər verir ki, bu barədə Azərbaycan dövlət başçsının sosial şəbəkə hesabında paylaşım edilib.

“Qitənin ən nüfuzlu klub turnirində – Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanması münasibətilə Ağdamın “Qarabağ” futbol klubunu ürəkdən təbrik edirəm. Bu, Azərbaycan futbolunun, Azərbaycan idmanının tarixi zəfəridir.

“Qarabağ”ın Avropanın köklü klublarından biri olan “Benfika” ilə səfər matçında oyunun gedişində möhtəşəm geridönüş edərək parlaq qələbə çalması onun məğlubedilməz ruhunu, mübarizə əzmini göstərir.

Bu qələbə ilə doğma komandamız Azərbaycan xalqına böyük sevinc bəxş etmişdir. Hər bir azərbaycanlı Avropada xariqələr yaradan “Qarabağ”la qürur duyur.

Komandamıza Çempionlar Liqasının növbəti oyunlarında uğurlar və yeni-yeni zəfərlər arzu edirəm”, – paylaşımda deyilir.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında Liqa mərhələsinə start verilib. Ağdamın “Qarabağ” klubu səfərdə “Benfika”nın qonağı olub. Qurban Qurbanovun yetirmələri ilkin olaraq hesabda 2:0 geri düşsə də, 90 dəqiqənin sonunda geridönüş etməyi bacarıb – 2:3.

Chosen
44
49
interpress.az

10Sources