EN

PXDU-nun Azərbaycan dili ixtisası tələbələri təhsillərini Bakıda davam etdirəcəklər VİDEO

Pekin, 17 sentyabr, AZƏRTAC

Çinin nüfuzlu ali təhsil ocaqlarından olan Pekin Xarici Dillər Universitetinin (PXDU) Azərbaycan dili ixtisası üzrə təhsil alan tələbələri 2025-2026-cı tədris ilində Bakıda təhsil alacaqlar.

AZƏRTAC xəbər verir ki, universitetin qaydalarına uyğun olaraq, xarici dil ixtisaslarında təhsil alan tələbələr 3-cü kursda təhsil aldıqları dilin aid olduğu ölkədə oxumalıdırlar. Bu qaydaya əsasən təhsil ocağının Azərbaycan dili ixtisası üzrə tələbələri cari tədris ilində PXDU-nun əməkdaşlıq etdiyi Bakı Dövlət və Xəzər universitetlərində oxuyacaqlar. Tələbələr sentyabrın 17-də Bakıya yola düşüblər. Pekinin “Paytaxt” Beynəlxalq Hava Limanında tələbələri yola salanlar arasında PXDU-nun Azərbaycan dili kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev, kafedranın müəllimləri, tələbələrin valideynləri olub.

AZƏRTAC-ın müxbiri ilə söhbətində tələbələr dilini öyrəndikləri ölkədə təhsil almağa yollandıqları üçün sevindiklərini bildirdilər. Onlar tədris ili müddətində dil biliklərini təkmilləşdirmək üçün səylə çalşacaqlarını, habelə Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmaq imkanı əldə edəcəklərini, yeni dostlar qazanacaqlarını ümid etdiklərini deyiblər.

Qeyd edək ki, Çinin dövlət qurumları, xüsusən də Xarici İşlər Nazirliyi üçün kadrlar hazırlayan, 101 xarici dilin tədris olunduğu Pekin Xarici Dillər Universitetində Azərbaycan dili kafedrası 2016-cı ildə yaradılıb. İlkin mərhələdə Azərbaycan dili üçüncü dil kimi tədris olunsa da, Çinin Təhsil Nazirliyinin qərarına əsasən, 2018-ci ildə ümumrespublika imtahanı əsasında Azərbaycan dili ixtisasına qəbul aparılıb və 9 tələbə dörd il ərzində Azərbaycan dilini öyrənərək, Çinin ilk azərbaycanşünas kadrları olub. Onların böyük əksəriyyəti magistratura təhsilini bitirərək, müxtəlif sahələrdə çalışırlar. Çinin ilk azərbaycanşünaslarından ikisi magistr təhsilini Bakıda alıqdan sonra PXDU-nun Azərbaycan dili kafedrasında müəllim kimi işləməyə başlayıblar.

Çinin Təhsil Nazirliyinin qərarı ilə 2023-cü ildə yenidən Azərbaycan dili ixtisasına qəbul keçirilib. Hazırda 8 tələbə bakalavr təhsil pilləsi üzrə Azərbaycan dili ixtisası üzrə təhsil alır. Tələbələr Azərbaycan dili kafedrasının ölkəmizlə bağlı həyata keçirdiyi müxtəlif layihə və tədbirlərdə yaxından iştirak ediblər. “Nəsimi İli”ndə “Azərbaycan dili və ədəbiyyatı sərgisi”nin təşkilində fəallıq göstəriblər, “Nizami Gəncəvi İli”ndə isə dahi Azərbaycan şairi və mütəfəkkirinin 880 illiyi münasibətilə çap olunmuş “Nizami irsi” jurnalında tələbələrin 11 araşdırma məqaləsi və tərcümə işi işıq üzü görüb. Bundan başqa, tələbələr 1-ci Çin azəbaycanşünaslıq beynəlxalq elmi konfransının və 1-ci Çin-Azərbaycan Gənclər Forumunun təşkilində yaxından iştirak ediblər. Tədris dövründə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Pekin Xarici Dillər Universitetində olub, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli və başqaları tələbələrə mühazirə oxuyublar.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Chosen
16
2
azertag.az

3Sources