“Bu il final oyunu ilə bağlı yenilik olacaq”.
Offsideplus.az xəbər verir ki, bunu PFL-in texniki-idman direktoru Elgiz Abbasov püşkatma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
O, 2025-2026-cı illər mövsümündə nəzərdə tutulan yeniliklər haqqında danışıb: “Öncəki illərdə mövsümə kubokun final matçı ilə yekun vururduq. Amma bu dəfə çempionatın bitməsinə iki tur qalmış kubokun final qarşılaşması baş tutacaq. Bu qərarın bir neçə səbəbi var. Hər kəsə məlumdur ki, PFL 2013-cü ildən Avropa Peşəkar Liqalarının tam hüquqlu üzvüdür və mütəmadi olaraq sözügedən qurumla müzakirələr aparırıq. Futbolda öz sözünü demiş ölkələrin təcrübələrini Premyer Liqamızda tətbiq etməyə çalışırıq. Bununla da futbolçular kubok oyununa daha pik formada çıxacaqlar. Eyni zamanda, milli komandaların oyunlarından öncə daha çox istirahət imkanı əldə edəcəklər”.
Abassov PFL-in büdcəsinin azalmasının kubokun finalına mümkün təsirləri ilə bağlı sualı da cavablandırıb: “PFL üçün kubok oyununun finalını bayram ab-havasında keçirmək həmişə prioritet olub. Bunu mövsümün nöqtəsi kimi dəyərləndiririk. Açığı, son bağlanış oyunlarının da büdcəsi o qədər də yüksək olmayıb. Bizim üçün əsas olan ideyadır. Ona görə də öncəki mərasimlər yaddaqalan olub. Bu dəfə də ənənəmizə sadiq qalacağıq. Ümid edirəm ki, yenə futbol ictimaiyyətinə futbol bayramı bəxş edə biləcəyik”.
Qeyd edək ki, Azərbaycan Azərbaycan Kubokunun final matçı mayın 13-də "Neftçi Arena"da təşkil olunacaq.