Məlum olduğu kimi, ötən gün Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Ticarət və Sənaye Palataları Federasiyası arasında Azərbaycan-BƏƏ Birgə Biznes Şurasının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.
Sözügedən memorandumun əhəmiyyəti barədə Redaktor.az-a danışan iqtisadçi Günay Hüseynova bildirdi ki, qeyri-neft sektorunun inkişafı dövlətimiz üçün prioritet məsələdir.
"Bu sahənin inkişafı üçün dövlət büdcəsindən vəsait ayrılır, xarici ticari tərəfdaşların sayı artır, həmçinin də xarici investisiyaların cəlb edilməsi baxımından işlər görülür. Sonuncu da bu Anlaşma Memorandumunun tərkib hissəsidir. Xarici investisiyanın Azərbaycan iqtisadiyyatına yatırımı kapital artımı ilə yanaşı istehsal gücünün artması, yeni iş yerlərinin açılması baxımından əlverişlidir. Həmçinin bu ölkə ilə anlaşma BƏƏ vasitəsilə digər ölkələrə ticarət çıxışı imkanı verir. Onu da qeyd etmək lazımdır ki, BƏƏ texnoloji inkişaf baxımından iqtisadi inkişaf edib, bu anlaşma çərçivəsində inteqrasiya, həmçinin yaşıl iqtisadiyyatla bağlı işlər də müzakirə obyektidir", - deyə o qeyd etdi.
Aytəkin TOFİQQIZI