EN

Qız qaçırmaq Ənənə yox, cinayət... Yanlış anlayışlara qarşı hüquqi mexanizmlərlə mübarizə aparmalıdır

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Qazaxıstanda “qız qaçırılması”na görə cəzaların sərtləşdirilməsi barədə qərar qəbul edildi. Bu addım təsadüfi deyil. Çünki uzun illər bölgədə bu hadisəyə bəzən “ənənə” adı altında göz yumulurdu. Halbuki qız qaçırmaq nə adət, nə də ailə qurma yolu ola bilər. Bu, bir insanın iradəsinə qarşı zor tətbiqidir.

Azərbaycan cəmiyyətində də illər boyu bu məsələyə bəzən biganə münasibət olub. Bir çox hallarda qız qaçırma hadisəsinə “adi hal” kimi baxılıb. Hətta “bir dəfə qaçırıldısa, geri dönüş yoxdur” deyimi də formalaşıb. Bu isə həm qızın, həm də ailəsinin həyatında dərin psixoloji izlər buraxıb.

Əslində, qız qaçırmaq sadəcə ailə qurmaq adı altında aparılan bir addım deyil, zorakılıq aktıdır. Bir insanın seçim hüququnu əlindən almaq, onun arzularını tapdalamaq ailə qurmaq deyil, həyatını alt-üst etməkdir. Bəzən bu hadisələr xoşbəxt sonluqla bitməyib: boşanmalar, zorakılıq, hətta intihar halları da yaşanıb. Bu, “ənənə”nin yox, faciənin nəticəsidir.

Qazaxıstanın bu qərarı göstərir ki, dövlətlər artıq cəmiyyətin düşüncəsində kök salmış yanlış anlayışlara qarşı hüquqi mexanizmlərlə mübarizə aparmalıdır. Azərbaycanda da qanunvericilikdə qız qaçırma cinayət hesab edilir. Amma hələ də bəzi bölgələrdə bu hadisəyə göz yuman, “məsələni barışıqla həll edək” deyən yanaşmalar qalmaqdadır.

Unutmayaq ki, zorla qurulan ailənin nə xoşbəxtliyi, nə də sağlam gələcəyi ola bilər. Cəmiyyət dəyişdikcə biz də anlamalıyıq ki, ənənə insanı xoşbəxt edirsə yaşayar, əgər o, həyatları məhv edirsə, artıq ənənə deyil cinayətdir.

Leyla Mirzə, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
28
bizimyol.info

1Sources