ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Oğlum ikinci sinifdə oxuyur. Dərs ilinə başladıq, kitablar verildi, amma bununla bitmədi. Hər fənn üçün ayrıca iş dəftəri də almalı olduq. Riyaziyyat, ana dili, rus dili, ingilis dili, hətta informatika və həyat bilgisi üçün belə iş dəftəri tələb olundu. Nəticədə çantanın yükü artdı, cibimizin yükü isə ikiqat.
Valideynlərin dilində bir zarafat dolaşır: “Əsl qazanc iş dəftərindədir”. Təhsil sistemi elə qurulub ki, kitab pulsuz verilsə də, iş dəftərini mütləq almaq lazımdır. Qiymətlər isə heç də az deyil. Ailədə iki-üç məktəbli varsa, xərclər bir aylıq maaşın mühüm hissəsinə çevrilir.
Əslində, sual yaranır: iş dəftəri həqiqətən zəruridir, yoxsa əlavə bir yük? Müəllimlər deyir ki, uşaqlar tapşırıqları dəftərdə işləyəndə həm yazıya, həm də mövzuya daha yaxşı yiyələnirlər. Amma bunu adi dəftərlə də etmək olar axı. Bəs niyə mütləq iş dəftəri?
Burada həm nəşriyyatların marağı, həm də təhsil sistemindəki boşluqlar üzə çıxır. Kitablar bəzən uşağın öyrənməsi üçün kifayət etmir, iş dəftəri ilə “dəstək” göstərilir. Amma nəticədə valideyn üçün bu, əlavə xərc, uşaq üçün isə əlavə yük olur.
Ən əsası da odur ki, iş dəftəri çox vaxt yalnız bir il istifadə olunur və sonra kənara atılır. Halbuki həmin vəsaiti başqa resurslara məsələn, kitabxana abunəsinə, idman və ya incəsənət dərslərinə xərcləsək, uşaqlarımız daha çox fayda görə bilər.
Təhsil yalnız vərəqləri doldurmaqdan ibarət deyil. Əgər uşağa öyrənmə sevgisi aşılanmırsa, iş dəftərinin dolu qalması da, boş qalması da fərq etməyəcək.
Leyla Mirzə, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.