EN

“Təkcə Xankəndidə yox, başqa yerlərdə də təxribat ola bilər” - Fərid Şəfiyev ilə MÜSAHİBƏ

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev “Yeni Müsavat” Media Qrupa müsahibə verib.

Müsahibədə Azərbaycanla Ermənistan arasında sülh prosesi, Rusiya-Ukrayna müharibəsinin gedişatı, regional və qlobal siyasətdə baş verən digər proseslər əhatə olunub.

FERİD.jpeg

- Fərid bəy, 2025-ci il böyük güclər arasında rəqabətin dərinləşdiyi, regional münaqişələrin isə qlobal siyasəti birbaşa təsir altına aldığı il oldu. Sizcə, bu il dünya siyasətində ən yaddaqalan hadisələr hansılar oldu? Konkretləşdirsək, sizcə, bu il baş verən hansı hadisələr dünyanın siyasi konyunkturasına ciddi təsir edib, yaxud yaxın zamanda təsirlərini görəcəyik?

- Azərbaycan üçün ən vacib hadisə avqustun 8-də Vaşinqtonda reallaşan görüşdür. Prinsip etibarilə, sazişin mətni mart ayında razılaşdırılmışdı. Daha sonra Əbu-Dabidə bu görüş üçün hazırlıq görülmüşdü. Amma sazişin məhz Vaşinqtonda, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə  paraflanması Azərbaycan üçün ilin ən mühüm hadisəsidir. İkinci məsələ Prezident İlham Əliyevlə Donald Tramp arasındakı təmaslardır. İki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında “Anlaşma Memorandu”munun imzalanması və “907-ci düzəliş”in ləğv olunması Azərbaycanın xarici siyasətində mühüm hadisələrdir. İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün Xankəndidə keçirilməsi, İran Prezidenti və digər rəsmilərin görüşdə iştirakı da ilin mühüm hadisələrindən biridir. Yeri gəlmişkən, İran istiqamətində müəyyən müsbət təmaslar var, ritorika dəyişib. Hərçənd, Əli Əkbər Vilayəti  və bəzi siyasətçilər anti-Azərbaycan mövqedən çıxış edirlər, amma fakt budur ki, İran Prezidenti Azərbaycana səfərlər edir, şəxsi təmaslar da var. Azərbaycandan kənarda isə geosiyasi vəziyyət gərgindir. Rusiya-Ukrayna müharibəsində heç bir irəliləyiş yoxdur. Alyaska görüşündən sonra Rusiya Ukraynaya daha çox zərbə vurdu. Digər tərəfdən iyun ayında İsrail-İran arasında qarşıdurma oldu, son günlər Dohada yaşananlar, İsrailin HƏMAS-a qarşı böyük əməliyyata başlaması və s. Azərbaycana birbaşa olmasa da, dolayı yolla təsir edir. Sözügedən hadisələr Azərbaycan üçün həm imkanlar, həm də təhdidlər yaradır. Təhdidlər ondan ibarətdir ki, İranla ikinci müharibə olsa, fəsadları haqqında düşünməliyik. Nüvə obyektlərinin vurulma ehtimalını da gözardı etmək olmaz. Çernobıl qəzasını xatırlasaq, onun fəsadları bütün Avropada hiss olundu. Sərhədlərimizə yaxın ərazidə nüvə obyektlərinin olması həm ətraf mühitə, həm də təhlükəsizliyə böyük təhdiddir. Yaxın Şərqə nəzər salsaq, Suriyada vəziyyət hələ ki, qeyri-müəyyən olsa da, Azərbaycan orada müəyyən layihələr icra etməyə başlayıb. Suriya Yaxın Şərqin vacib ölkə olduğu üçün onunla dostluq münasibətlərinin olması məqsədəuyğundur. Azərbaycanın Suriyada Türkiyə ilə birgə varlığı həm ölkəmizin siyasi nüfuzuna təsir göstərir, həm də gələcəkdə iqtisadi dividentlər qazandıracaq.

FERİD

- Bu günlərdə yayılmış məqalənizdə bildirmisiniz ki, Cənubi Qafqaz regionunda sabitliyin təmin olunması xarici aktorların bölgədaxili ziddiyyətlərdən alət kimi istifadə etməsinin qarşısını alır. Proseslər aktorların münasibətinə konkret hansı məqamlarda təsir edir?

- Elə məsələlər var ki, Azərbaycandan asılı deyil. Biz sülh prosesini Paşinyan hakimiyyəti ilə davam etdiririk. 2026-cı ildə Ermənistanda seçkilər keçiriləcək. Biz siyasətimizi Paşinyana bağlı qurmuruq. Bizim Konstitusiyaya dəyişiklik edilməsi şərtimiz də bununla bağlıdır. Bir tərəfdən proses müsbət istiqamətdə davam edir, digər tərəfdən isə Ermənistan cəmiyyəti referenduma hazır olmalıdır. Paşinyanla tutarlı rəqabət apara biləcək biri hələ ki, yoxdur. Amma digər ölkələrin təcrübəsinə diqqət yetirmək lazımdır. Məsələn, Rumıniyada prezident seçkiləri zamanı seçki kampaniyasını “TikTok”da aparan namizəd qalib seçildi, hərçənd sonda nəticələri ləğv olundu. Polşada keçirilən seçkidə də çox da tanınmayan şəxs namizəd oldu. Sosial medianın gücünü və xarici maliyyələşməni nəzərə alsaq,  heç zaman siyasətlə məşğul olmayan şəxslərin birdən-birə meydana çıxdığını görürük. Ermənistanda hələ ki, Paşinyana rəqib yoxdur. Gələn il yaz aylarında ortaya kimsə çıxa bilər. Ermənistan daxilində rusiyapərəst qüvvələr və kilsə sülh sazişinə qarşıdırlar. ABŞ və Fransada radikal qol (ANCA) çox güclüdür. Yəni, sözügedən üç qüvvə- müxalifət, kilsə və diasporanın bir hissəsi Paşinyana qarşı çıxış edirlər. Hələ ki, bu üç qüvvənin Paşinyana rəqib yarada biləcəkləri müəmmalıdır, amma yaxın bir neçə ayda vəziyyət dəyişə də bilər. Bu baxımdan Paşinyan yox, başqasının seçilməsi sülh prosesi dayandıra bilər. Sirr deyil ki, Rusiya ilə Paşinyan arasında münasibətlər yaxşı deyil. Rusiya da Paşinyanın yox, başqasının hakimiyyətə gəlməsində maraqlıdır. Belə olan halda sülh prosesi dayana bilər.

- Yeri gəlmişkən, “Hayastan” müxalifət blokunun parlament fraksiyasının rəhbəri Seyran Ohanyan bildirib ki, müxalif “Hayastan” bloku hakimiyyətə gəldikdən sonra Azərbaycanla sülh sazişinin bəndlərini yenidən nəzərdən keçirəcək. Ölkəmiz bu kimi ehtimallara qarşı hansı addımları ata bilər?

- Azərbaycanın mövqeyi belədir ki, biz sülh sazişini paraflamışıq, sülh daha çox Ermənistana lazımdır. Prezident İlham Əliyev ötən aydakı müsahibəsində bildirib ki, biz müharibələrə hazır olmalıyıq. Biz regionda Ermənistanla, eləcə də Gürcüstanla sülh və əməkdaşlıq platforması yaratmağa çalışırıq. Çoxtərəfli formatlarda da fəaliyyətimiz davam edir. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyimiz davam edir. Bu günlərdə Beyin Mərkəzlərinin Forumunu təşkil etdik. Bəzi hadisələr isə qlobal oyunçulara aiddir.

- Siz Gürcüstanın adını çəkdiniz. Amma Gürcüstan regionda baş verən proseslərə qarışmamağa çalışır...

- Gürcüstanda daxili siyasət mürəkkəb mərhələdən keçir. Davamlı etiraz aksiyaları baş verir. Digər tərəfdən, Azərbaycan Gürcüstanın daxili siyasətinə qarışmır. Gürcüstan bizim üçün strateji tərəfdaşdır. Bizim Gürcüstanla uğurla davam etdirilən bir sıra trans-regional layihələrimiz var. Regionda üçtərəfli platformanın yaradılması ideyası var. Vaxtilə Gürcüstan hakimiyyəti bu ideyanı dəstəkləmişdi. Digər tərəfdən Gürcüstan məhdud çərçivədə xarici siyasət aparır. Bu da Qərblə əlaqələrin pozulması ilə əlaqədardır. Görünən ki, Gürcüstan “özünü tapmağa” çalışır, buna görə də təcrid yönümlü xarici siyasət aparacaq. Amma qarşılıqlı yüksək səviyyəli təmaslarımız davam edir.

Azərbaycan-Rusiya münasibətlərində gərginlik davam edir. Son vəziyyəti necə şərh edərsiniz?

- Son aylarda müəyyən təmaslar oldu, Həştərxanda görüş keçirildi, Rusiya rəsmiləri vəziyyətdən çıxmaq istədiklərini deyirlər, Azərbaycanla əlaqələrin inkişafında maraqlıdırlar, lakin əməldə biz bunu görmürük. 2025-ci ilin fevral ayında Rusiyadan qaynaqlanan kiberhücum oldu, üstəlik Yekaterinburqda azərbaycanlılara qarşı əməliyyat keçirildi. Sanki Rusiya Azərbaycana mesaj verir ki, ilk addımı biz atmalıyıq, təyyarəmizin vurulması hadisəsi unudulmalıdır. Rəsmi Moskvanın son açıqlamalarına diqqət yetirsək, sığorta ödənişinin edildiyi vurğulanır. Qəzanın baş vermə səbəbi texniki amillərlə bağlı olsa idi, bu yanaşmanı bəlkə də qəbul etmək olardı.  Lakin təyyarənin vurulması ilə bağlı əsaslı sübutlar var. Yəni, Azərbaycanın gözləntisi üzrxahlıq edilməsi və kompensasiyanın ödənməsidir. Bu yaxınlarda Ukraynada SOCAR-ın depoları vuruldu. Rusiya bununla sanki müstəmləkəçilik mövqeyindən çıxış edərək mesaj göndərir ki, nə olursa-olsun, biz bununla barışmalı, Rusiyanın şərtlərini qəbul etməliyik.

FERİDD.jpeg

- Azərbaycan müstəqil siyasət yürüdür. Bəs Rusiya ilə hazırkı gərginliyi nəzərə alsaq, Bakı öz maraqlarını hansı həddə qədər qoruya biləcək?

- Azərbaycanın qırmızı xətti müstəqilliyi, suverenliyi və ərazi bütövlüyüdür. 30 il ərzində biz bunu təmin etməyə çalışmışıq. Digər ölkələr buna hörmətlə yanaşırsa, biz siyasi və iqtisadi əməkdaşlığa hazırıq. Digər tərəfdən Rusiyanın da qırmızı xətləri var, məsələn regionda fərqli blokların olması.

Azərbaycan fərqli siyasət aparıb. Biz Qoşulmama Hərəkatının üzvü olduq. Hər zaman Rusiyanın maraqlarına hörmətlə yanaşmışıq. Bununla bağlı Azərbaycanın xarici siyasətində dəyişiklik yoxdur. Biz hər hansı hərbi bloka üzv olmaq niyyətində deyilik. Türkiyə ilə hərbi əməkdaşlığımız davam edir. Öz təhlükəsizliyimizi təmin etmək üçün digər ölkələrlə də ikitərəfli formatda əməkdaşlığı davam etdiririk. Rusiyanın yanaşmasını iki faktorla izah etmək olar. Birincisi, üzr istəməməklə şəxsi kapriz nümayiş olunur. Halbuki, əsl müttəfiq üzr istəməyi bacarmalıdır. Rusiya ilə bağlı iki insident baş vermişdi. Hərbi şəraitdə hərbi helikopterin Azərbaycan sərhədində peyda olması tamamilə ayrı məsələdir. Azərbaycan buna görə üzr istəyib və kompensasiya ödəyib. Əsl müttəfiq belə hərəkət etməlidir. Diplomatik etika da bunu tələb edir. Rusiya da müttəfiq kimi bunu etməlidir. Digər faktor isə budur ki, ola bilər ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması Rusiyanı narahat edir. Rusiya hər zaman Azərbaycan-Ermənistan münaqişəsindən nəzarət aləti kimi istifadə etməyə çalışıb. Halbuki, Cənubi Qafqazda sülhün olması Rusiya üçün də faydalıdır. Lakin hələ ki, müstəmləkəçilik çərçivəsindən kənara çıxa bilmir.

- Rusiyanın geri çəkilməsi üçün nə baş verə bilər?

- Bu, daha çox şəxsi qərarlardan asılıdır. Liderlər səviyyəsində şəxsi qərarlar qəbul edilməlidir. Alyaska görüşündən sonra Rusiya özünü daha güclü hiss etməyə başlayıb. Müharibə davam edir, sanksiyalar tətbiq olunmur. Donald Tramp deyib ki, təkcə, ABŞ deyil, Avropa ölkələri də sanksiyaları sərtləşdirməlidirlər. Rusiya Qərbin yekdil mövqeyinin olmadığını, fikir-ayrılıqlarının olduğunu görür və  fikirləşir ki, Ukraynada öz məqsədlərinə nail ola biləcək.

- Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Rəsmi Ankara Ermənistan və Azərbaycan arasında yekun sülh sazişinin gələn ilin birinci yarısında imzalanacağını gözləyir. O deyib ki, Ermənistan və Azərbaycan arasında yekun saziş imzalanan kimi, Türkiyə də Ermənistanla münasibətləri sürətlə normallaşdıracaq. Türkiyə-Ermənistan sərhədinin açılması ehtimalı ilə bağlı nə düşünürsünüz? Son aylardakı təmaslar, açıqlamalar prosesi sürətləndirib deyə bilərikmi?

-Məndə olan məlumata görə, hələ ki, sülh sazişinin imzalanması gözlənilmir. Sərhədin açılması bəzi şərtlərlə bağlıdır. Türkiyənin mövqeyində dəyişiklik yoxdur. Paşinyanın hazırkı platforması Azərbaycan və Türkiyə ilə sülh şəraitində əlaqələr qurmağa əsaslanıb. O, Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünə hörmətlə yanaşır. Bu günlərdə Ermənistan hökuməti viza möhürlərindən Ağrı dağının təsvirini silmək qərarı verib. Bu da Türkiyənin məsələ ilə bağlı narahatlığının olduğunu göstərir. Görünən odur ki, Ermənistan bu narahatlığı nəzərə alır ki, Türkiyə ilə əlaqələr inkişaf etsin. Paşinyanın bu platforması çərçivəsində Türkiyənin müəyyən dəstək göstərməsinin müəyyən məntiqi var. Sülh sazişi olmadan yaxud referendum keçirilmədən sərhədin açılması barədə hələ ki, konkret fikir söyləmək çətindir.

FARİD

- Siz Ermənistan cəmiyyətinin də sülhə hazır olmasının vacibliyini vurğuladınız. Bir neçə gün öncə Xankəndidə erməni əsilli Karen Avanesyan silahlı təxribata cəhd etdi. Bu isə  cəmiyyətdə həm narahatlıq, həm də bəzi suallar yaratdı. Ermənilər həqiqətən sülhə hazırdırlarmı?

- Azərbaycan tolerant ölkədir. Az sayda olsa da, erməni əsilli şəxsin Xankəndidə qalması bunun sübutudur. Azərbaycan, qanunvericiliyinə hörmət edən hər bir vətəndaşa şərait yaradır. Sülh sazişi əslində erməni cəmiyyəti üçün məcburiyyət yarada bilər. Ermənistan məğlub olub. 2023-cü ildə bir günlük anti-terror əməliyyat keçirilməsə idi, bəlkə bu gün də ermənilər iddialarından əl çəkməyəcəkdilər. Xankəndidə həyat öz axarı ilə davam edir. Azərbaycanlı gənclər təhsil alırlar. Erməni əsilli şəxsin təxribatı onu göstərir ki, onlar hələ də məğlubiyyətlə barışmayıblar. Azərbaycan hüquq-mühafizə orqanları çevik davranıb təxribatın qarşısını alıblar. Təkcə, Xankəndidə yox, başqa yerlərdə də, diasporamıza qarşı da təxribat ola bilər. Biz hər zaman ayıq olmalıyıq. Sülh sazişinin imzalanması erməni şovinizminin sonlanacağı anlamına gəlmir. Erməni şovinizminin kökləri çox dərindir. Mənim erməni ekspertlərlə təmaslarım olur. 20-ci əsrin əvvəlində ermənilər regionda 3 paytaxtda-Bakı, Tiflis və İstanbulda siyasi və iqtisadi cəhətdən çox tutarlı mövqeyə sahib idilər. Şovinizm nəticəsində ermənilər bizneslərini itirdilər. Tiflisdə yaşayan ermənilərin imkanları da əvvəlki kimi deyil. Ermənilər sülh şəraitində yaşamağı seçsəydilər, biznes imkanlarından istifadə edə bilərdilər. Şovinizmlə yaşamaqdansa, dividentlərdən yararlanmaq daha yaxşı olar, amma seçim onlarındır

- Dediniz ki, erməni ekspertlərlə görüşləriniz olur. Bu görüşlər harada keçirilir? Onlar necə düşünürlər, erməni cəmiyyətini sülhə hazırlamaq üçün nələr etmək olar?

- İldə bir dəfə Tiflisdə məhdud çərçivədə görüşürük. Digər tərəfdən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin ekspertləri müxtəlif platformalarda Vyanada, Cenevrədə görüşürlər. Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzinin (GCSP) təşkil etdiyi görüşlərdə ermənilərlə təmaslar baş tutur. Bu təmaslar vacibdir, ekspertlər görüşməlidirlər. Mən may ayında İrana səfər etdim, ekspertlərimiz noyabr ayında səfər edəcəklər. Şəxsi fikrim budur ki, hətta Rusiya ilə də təmaslar davam etməlidir. Fikir mübadilələri aparmaq lazımdır. Bu günlərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM)  Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasında hindistanlı ekspertlər iştirak etdi. Düzdür, hər kəs öz fikrində qalıb, amma beynəlxalq konfranslar çərçivəsində təmaslar davam edir. Təmaslar kimin nə düşündüyünü bilmək üçün vacibdir. Bu, hər hansı mövzu ilə bağlı razılıq əldə olunduğu demək deyil. Sadəcə, problemlərin həlli üçün çıxış yolu axtarılır. Sülh sazişinin paraflanmasından sonra ermənilərlə görüşümüz olmayıb. Ola bilər ki, payız aylarında görüşdük.    

FARİDDD.jpeg

Nigar HƏSƏNLİ,
Fotolar Rüstəm FƏRMAN
“Yeni Müsavat” Media Qrup

Chosen
41
musavat.com

1Sources