EN

Londonda çalışan azərbaycanlı hüquqşünasın uğur hekayəsi MÜSAHİBƏ

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

London, 17 sentyabr, AZƏRTAC

Bakı Dövlət Universitetində Prezident təqaüdçüsü kimi təhsil alan Cavid Rəhimli sonradan ABŞ-ın Corc Vaşinqton, Böyük Britaniyanın Oksford və Kembric universitetlərində magistratura (LLM) üzrə oxuyub. Karyerası ərzində bir sıra dövlətləri və transmilli şirkətləri beynəlxalq məhkəmə və arbitraj işlərində təmsil edib. O, həmçinin Kembric Union debat klubunda çıxış edən ilk azərbaycanlıdır. Londonda beynəlxalq hüquq üzrə nüfuzlu şirkətdə çalışan azərbaycanlı hüquqşünas Cavid Rəhimli AZƏRTAC-a müsahibəsində təhsil və karyera yolundan, beynəlxalq hüququn aktual mövzularından və gənclərə tövsiyələrindən danışıb.

– Hüquq sahəsinə marağınız necə yarandı və niyə məhz beynəlxalq hüququ seçdiniz?

– Əvvəlcə diplomatiyaya marağım var idi, diplomat olmaq istəyirdim. Lakin imtahanda 684 bal topladığım üçün Hüquq fakültəsinə qəbul oldum. Diplomatiya ilə sıx bağlı olduğunu düşündüyümə görə beynəlxalq hüquq üzrə ixtisaslaşmağı qərara aldım.

– Hazırda Londonda fəaliyyətiniz nələri əhatə edir?

– Beynəlxalq mübahisələrdə dövlətlərə və transmilli şirkətlərə hüquqi dəstək göstərirəm. Əsas fəaliyyətim investor-dövlət arbitrajı, beynəlxalq insan haqları hüququ, sərhədlərin delimitasiyası və dövlətlərin digər öhdəlikləri ilə bağlı məsələlərdir. Müştərilərimizi beynəlxalq məhkəmələrdə, arbitrajlarda, regional məhkəmələrdə, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsində təmsil edirik. Bundan əlavə, dövlətlərə BMT müqavilə orqanları və xüsusi prosedurlar qarşısında şikayətlər üzrə məsləhətlər verirəm, müxtəlif hüquqi sənədlərin hazırlanmasında iştirak edirəm.

– ABŞ və Böyük Britaniyada oxumaq sizə nə qazandırdı?

– ABŞ-da LLM proqramı praktik yönümlüdür. Tələbələr çoxsaylı fənlər seçə bilir, qiymətləndirmə isə imtahan və yazı işlərinin ümumi nəticəsinə əsaslanır. Bu, balanslı dəyərləndirmədir və hüquqi yazı bacarıqlarını gücləndirir.

Böyük Britaniyada isə sistem daha nəzəri xarakter daşıyır. Kembricdə yalnız dörd fənn seçmək mümkündür və qiymətləndirmə ilin sonunda keçirilən imtahanlarla aparılır. Bu, müstəqil oxuma və analitik düşünmə qabiliyyətini inkişaf etdirir. İki sistem birlikdə həm praktik bacarıqlarımı, həm də nəzəri bazamı formalaşdırdı.

– Dövlətlər və şirkətlərlə işləməkdə hansı çətinliklərlə üzləşmisiniz?

– İndiyə qədər 9 dövləti təmsil etmişəm. Bəzən dövlət nümayəndələri beynəlxalq konvensiyalardan doğan öhdəliklərin mahiyyətini tam anlamırlar. Məsələn, bəzi islahatların kifayət etdiyini düşünürlər, halbuki həmin konvensiyalar daha geniş tədbirlər tələb edir. Bir dəfə arbitrajda dövlət adından çıxış etdikdən cəmi iki ay sonra oxşar mövzuda investor şirkətini təmsil etdim. Bu, eyni məsələyə iki tərəfdən baxmaq imkanı verdi.

– ABŞ Konqresində və beyin mərkəzlərindəki təcrübəniz sizə nə qazandırdı?

– Vaşinqtonda siyasətçi köməkçisi kimi çalışmaq ABŞ siyasətinin daxili mexanizmlərini görmək imkanı verdi. Orada oliqarxik təsirlərin güclü olduğunu müşahidə etdim. Geosiyasi araşdırmalar isə mənə proseslərə daha neytral baxış qazandırdı, siyasi mövzularda balanslı mövqe formalaşdırmağa kömək etdi.

– Kembric Union debat klubunda çıxış edən ilk azərbaycanlı olmaq sizin üçün nə deməkdir?

– Bu, həyatımın ən böyük uğurlarındandır. Çörçildən Tetçerə, Reyqandan Ruzveltə qədər liderlərin çıxış etdiyi bir tribunada söz demək böyük məsuliyyətdir. Debatda Qərbi Azərbaycan qaçqınlarının məsələsinə də toxundum. Bu, mənim üçün həm şəxsi, həm də milli borc idi.

– Xaricdə Azərbaycanı təmsil etmək sizdə necə bir hiss yaşadır?

– Mən rəsmi olaraq ölkəni təmsil etmirəm, amma çox vaxt həmkarlarımın tanıdığı ilk azərbaycanlı oluram. Ona görə məsuliyyətim daha böyükdür. Bəzən gündə 15 saata qədər işləyirəm və əsas motivasiyam Azərbaycan haqqında ən yaxşı təəssürat yaratmaqdır.

– Gənclərə hansı tövsiyələriniz var?

– Hüquqi yazıya ciddi diqqət yetirsinlər. Hər il fərqli bir hüquq sahəsində təcrübə toplasınlar. Xaricdə təhsilə tələsməsinlər. Əvvəlcə 3–4 il Azərbaycanda işləsinlər, sonra xaricdə təhsillə biliklərini möhkəmləndirsinlər.

– Beynəlxalq hüquqda yaxın illərdə hansı mövzular önə çıxacaq?

– İqlim dəyişikliyi ilə bağlı mübahisələr artacaq. Süni intellekt, kibertəhlükəsizlik, kosmos hüququ və enerji resurslarının bölüşdürülməsi də gündəmin əsas mövzuları olacaq.

– Gələcək planlarınız nələrdir? Azərbaycana qayıtmağı düşünürsünüzmü?

– Dubaydan iş təklifi almışam, amma Kembricdə dövlət proqramı çərçivəsində oxuduğum üçün yaxın aylarda Azərbaycana qayıdacağam. Ən azı beş il ölkəmdə işləməliyəm və beynəlxalq hüquq ilə diplomatiya sahəsində Azərbaycana faydalı olmağı prioritet hesab edirəm.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
31
1
azertag.az

2Sources