EN

Gələn həftə Bakıda 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu başlayır

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında sentyabrın 22-23-də Bakıda 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (1st Azerbaijan International Investment Forum - "AIIF 2025") keçiriləcək.
 
Moderator.az xəbər verir ki, bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) məlumat yayıb.
 
Məlumata görə, İqtisadiyyat Nazirliyinin, AZPROMO-nun təşkilatçılığı, Avropa Evi - "Ambrosetti"nin (TEHA) strateji tərəfdaşlığı ilə keçiriləcək forum dövlət rəsmilərini, biznes liderləri və beynəlxalq investorları bir araya gətirəcək.
 
Forum Şərq və Qərbin strateji qovşağında yerləşən ölkələrin investisiya imkanlarını araşdırmaq, qlobal ticarətin və dayanıqlı təchizat zəncirlərinin gələcəyini formalaşdırmaq üçün unikal bir platforma təqdim edir. Burada iştirakçılar yeni qlobal rəqabətlilik paradiqmalarına dair dəyərli biliklər əldə etməklə yanaşı, yüksəksəviyyəli əlaqələr qurmaq, strateji sazişlər bağlamaq və yeni tərəfdaşlıqlar formalaşdırmaq imkanları qazanacaqlar. Tədbirin proqramı çərçivəsində plenar iclaslar, institusional və panel sessiyalar, tematik müzakirələr və ölkəmizin investisiya imkanları və potensialına dair sərginin keçirilməsi nəzərdə tutulub. İki gün davam edəcək forumda enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, rəqəmsal inkişaf, səhiyyə və daşınmaz əmlak sahələrində regional əməkdaşlıq və investisiya perspektivləri müzakirə olunacaq.
 
Forumun ilk günündə regionların strateji inteqrasiyası, tranzit imkanları, enerji və infrastruktur layihələri, innovasiyalar, yaşıl enerji, daşınmaz əmlak, şəhərsalma və dayanıqlı inkişaf mövzularında plenar iclas və dörd panel sessiyası baş tutacaq. Tədbirin ikinci günü isə dövlət-özəl tərəfdaşlığı, maliyyə, səhiyyə, biotexnologiya, əczaçılıq və rəqəmsal sağlamlıq, kənd təsərrüfatı, aqrobiznes, ərzaq sənayesi, sənayeləşmə, kiçik və orta sahibkarlıq, yaşıl keçid, eləcə də sahibkarlığın inklüzivliyi mövzularına həsr olunan panel sessiyaları keçiriləcək.
Chosen
38
8
moderator.az

9Sources