EN

Qazaxıstan neftinin BTC ilə nəqli bərpa olunub

"Qazaxıstanın "KazMunayQaz" milli şirkəti (KMQ) Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft ixracını bərpa edib.

FED.az xəbər verir ki, bu barədə  "KazMunayQaz" məlumat verir.

"”KazMunayQaz” Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft ixracını bərpa edib. 13 sentyabrda Aktau limanından Bakı-Tbilisi-Ceyhan istiqamətinə 8,8 min ton “Kaşagan” nefti yüklənib və növbəti yükləmə 20 sentyabrda planlaşdırılır", - məlumatda bildirilir.

Məlumata görə, 2025-ci ilin 8 ayında BTC ilə Qazaxıstan neftinin daşınma həcmi 0,9 mln.ton olub.

Qeyd edək ki, 2022-ci ildə KMQ ilə Azərbaycanın SOCAR arasında Qazaxıstan neftinin tranziti ilə bağlı saziş imzalanıb.

2024-cü ildə isə KMG ilə SOCAR arasında Azərbaycan Respublikasının ərazisi üzərindən neft tranzitinin mərhələli şəkildə artırılması barədə razılaşma əldə olunub.

Xatırladaq ki, cari ilin iyulunda BTC Co. şirkətinə Bakı-Tbilisi-Ceyhan (BTC) ilə nəql olunan xam neft yüklənmiş bəzi daşımalarda üzvi xloridlərin olması potensialı haqda məlumat daxil olub.

Bununla əlaqədar "KazMunayQaz" avqust ayında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft ixracını dayandırııb.

BTC Co. isə dərhal boru kəməri boyunca yerləşən bütün obyektlərdə xam neftin keyfiyyətinin hərtərəfli qiymətləndirilməsi işlərini həyata keçirib.

Bu qiymətləndirmələrin nəticəsi göstərib ki, Ceyhan terminalınadək boru kəməri boyunca yerləşən bütün obyektlərdə xam neftin keyfiyyəti qəbul olunmuş spesifikasiyaya uyğundur. Əlavə olaraq, Ceyhan terminalındakı çənlərin içərisindəki xam neftin keyfiyyətinin qiymətləndirilməsi işləri də aparılıb. Nəticədə bəzi çənlərdə xam neftin tərkibində üzvi xloridlərin mövcudluğu müəyyən edilib. Dərhal müvafiq tədbirlər görülüb və həmin çənlər təcrid edilib.

Hazırda BTC boru kəməri, əsasən, Azərbaycandan "Azəri-Çıraq-Günəşli" blokunda hasil edilən neft və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.

BTC Co.-nun səhmdarları: bp (30.1%), SOCAR (32.97%), MOL (8.90%), TPAO (6.53%), Eni (5%), TotalEnergies (5%), ITOCHU (3.4%), ONGC Videsh (3.1%), ExxonMobil (2.5%) and INPEX (2.5%). (Apa)

Chosen
43
7
fed.az

10Sources