EN

Birləşmiş Ərəb Əmirlikləri Qarabağdakı kəndlərdən birini qura bilər

Sentyabrın 16-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycana rəsmi səfər edib. Füzuli Beynəlxalq Hava Limanına eniş edən qonağı Prezident İlham Əliyev özü şəxsən qarşılayıb. İki ölkə liderləri arasında təkbətək və geniş tərkibli görüşlər olub, bir sıra sənədlər imzalanıb. Ölkə başçısı İlham Əliyev Azərbaycanla BƏƏ-nin hər zaman bir-birinin yanında olduğunu vurğulayıb.

BƏƏ Prezidentinin məhz Qarabağa gəlməsi diqqətçəkən nüansdır. Belə ki, bu, BƏƏ-nin işğaldan azad olunmuş ərazilərdə görülən yenidənqurma və bərpa işlərində iştirakı ilə bağlı məsələni gündəmə gətirir.

Milli Məclisin Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Göydəniz Qəhrəmanlı Modern.az-a bildirib ki, BƏƏ IPrezidentinin səfəri Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir:

"Qarabağa belə bir yüksək səviyyəli ziyarət Azərbaycanın regionda güclənən mövqeyinin bariz nümunəsidir. BƏƏ son illərdə həm turizm, həm də enerji, logistika, infrastruktur sahələrinə böyük investisiyalar yatıran ölkədir. Prezident əl Nəhyanın səfəri Azərbaycanın BƏƏ ilə iqtisadi əməkdaşlığının daha da güclənməsinə bir işarədir. Bu əməkdaşlıq xüsusilə bərpaolunan enerji, kənd təsərrüfatı, "ağıllı şəhər"  konsepsiyaları və turizm sektorunda yeni imkanlar açır".

Parlamentari vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə hər hansı bir kəndin və ya qəsəbənin BƏƏ-nin dəstəyi ilə qurulması mümkündür:

"Qarabağda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinə BƏƏ-nin qoşulması real ehtimaldır. BƏƏ-nin beynəlxalq layihələrdə təcrübəsi, xüsusən də “ağıllı şəhər” və “yaşıl enerji” konsepsiyalarında, eyni zamanda turizmyönümlü uğurlarını nəzərə alsaq, hər hansı bir kəndin və ya qəsəbənin BƏƏ-nin dəstəyi ilə qurulması mümkündür. Bu, iqtisadi və strateji baxımdan əhəmiyyətli addımdır".

Chosen
20
1
modern.az

10Sources