EN

Vardanyanın Paşinyan tələbi bununla hansı mesajı verir?

Moderator.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Bakı Məhkəmə Kompleksində Ermənistan vətəndaşı Ruben Vardanyanın məhkəməsi davam edir. Qarabağda törədilən müharibə cinayətlərində ittiham olunan Vardanyan sentyabrın 16-da keçirilən iclasda  vəsatət qaldıraraq Ermənistanın baş naziri Nikol Paşinyanın şahid qismində dindirilməsini tələb edib. Ruben Vardanyanın bu istəyinin gerçəkləşməsi mümkündürmü? Nikol Paşinyan Bakıya gəlib, hətta şahid qismində olsa belə, ifadə verə bilərmi? Ümumiyyətlə,onun bu planı nəyə hesablanıb?

Moderator.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, Ruben Vardanyan Ermənistanın Baş naziri Nikol Paşinyanla yanaşı, ATƏT-in Minsk qrupunun üzvlərinin, BQXK nümayəndələrinin və o cümlədən də vaxtilə Qarabağda olmuş Rusiyanın sülhməramlı kontingentinin komandanı olmuş şəxslərin də məhkəmədə dindirilməsi ilə bağlı vəsatətlə çıxış edib:

“Paşinyan və digərlərinin, yəni Vardanyan tərəfindən dindirilməsi təklif olunan şəxslərin məhkəmədə baxılan ittihama aidiyyətinin olmağını və eləcə də məhkəmə baxışında tədqiq edilməli olan sübutların siyahısı və sübutların tədqiq olunma ardıcıllığının artıq müəyyən edildiyini bilə-bilə indi bu şəkildə vəsatətlə çıxış etmək faktiki olaraq prosesi uzatmaq cəhdi ilə yanaşı bir sıra digər mətləblərdən də xəbər verir.  Yəni, Vardanyan həmin şəxslərin məhkəmə prossesində iştirak etməyəcəyini bilə-bilə bu şəkildə vəsatətlə çıxış etməklə, həm də faktiki olaraq mesajlar ötürmüş olur. Vardanyan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və eləcə də qanunsuz silahlı birləşmələr, qrupları yaratma, silahlı birlikləri silahla təmin etmə, həmçinin Azərbaycan sərhədini qanunsuz keçmək kimi maddələri ilə ittiham olunur. Və indi bu şəxslərin dindirilməsi ilə bağlı vəsatət qaldırmaqla günahlandırıldığı məsələlərdə tək olmadığını, məsələn separatçıların maliyyələşdirilməsi, silah-sürsat təminatını Paşinyanın göstərişi ilə icra etdiyini və ya Azərbaycan sərhədini “sülhməramlı” kontingentin komandanlığının vasitəsilə keçdiyini etiraf edə biləcəyinə dair mesajlar verir. Bununla da faktiki olaraq həm Paşinyanı, həm də digərlərini şantaj edir və azadlığa buraxılması üçün təzyiq göstərilməsinə nail olmağa çalışır”.

Mehin Mehmanqızı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
43
1
moderator.az

2Sources