Məktəb çantası seçimi uşaqların sağlamlığı üçün ciddi əhəmiyyət kəsb edir. Çəkisi normadan artıq olan çantalar, uşaqlarda bel ağrısı, onurğa əyrilikləri və hətta erkən yaşda bel yırtığı riskini artırır. Son araşdırmalara əsasən, çantası ağır olan məktəblilər arasında bel yırtığı şikayəti ilə həkimə müraciət edənlərin sayı 14–17 yaş arası qruplarda 70 faizə çatır.
Pravda.az xatırladır ki, çanta çəkisi uşağın bədən çəkisinin 10 faizindən çox olmamalıdır. Məsələn, 40 kiloqram çəkisi olan bir uşağın çantası 4 kiloqramdan artıq olmamalıdır.
Hansı növ çantalar seçilməlidir?
İki çiyinli, 5 sm-ə qədər eni olan yumşaq dəstəklə təmin edilmiş çantalar üstünlük təşkil etməlidir.
Çantanın bel dəstəyi olmalı və bel əyriliyini tam örtməlidir.
Fərqli bölmələri olan çantalar əşyaların bərabər şəkildə paylaşılmasını təmin edir.
Çanaq nahiyəsini dəstəkləyən kəmərli modellər uşağın çiyinlərinə düşən yükü azaldır.
Təkərli çantalar isə yükü bədəndən uzaqlaşdırdığı üçün daha faydalı hesab olunur.
Çantanın düzgün istifadəsi üçün tövsiyələr
Çanta daim iki çiyinlə daşımalıdır.
Ağırlıqlar bədənə yaxın, aşağıda yerləşdirilməlidir.
Kəskin və sivri əşyalar çantanın arxa hissəsinə qoyulmamalıdır.
Çanta bədənə yerləşdirilərkən dizlər bükülməli, bədən irəli əyilməməlidir.
Valideynlər çantanın düzgün şəkildə istifadə olunduğuna əmin olmalı və bu vərdişləri övladlarına öyrətməlidirlər.
Yükə tab gətirə bilməyən uşaq bədənləri
Bəzi hallarda məktəb çantalarının çəkisi 10-15 kiloqrama qədər yüksəlir. Bu isə hələ tam inkişaf etməmiş əzələ-sümük sisteminə ciddi zərər vurur. Uşaqların sağlam gələcəyi üçün məktəb çantası seçimi və istifadəsi zamanı diqqətli olmaq vacibdir.
Əminə Bayramova