EN

Müdafiə nazirinin mərhum müavininin cinayət işi üzrə məhkəmə yekunlaşıb, iş adamlarına hökm oxunub

Müdafiə nazirinin sabiq müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin keçmiş rəisi, mərhum general-leytenant Fuad Məmmədov, iki şirkət əməkdaşı - Fuad Şeydabəyov və Azər Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

 

Hökmə əsasən, Fuad Şeydabəyov 10 il 6 ay, Azər Xəlilov 11 il müddətə azadlıqdan məhrum edilib. General-leytenant Fuad Məmmədov vəfat etdiyi üçün ona cəza təyin edilməyib.

 

İttihama görə, mərhum general Fuad Məmmədov iki nəfər şirkət rəsmisi - Fuad Şeydabəyov və Azər Xəlilovla əlbir olaraq 15 milyon manata yaxın dövlət vəsaitini mənimsəyiblər. Məhkəmə müttəhim Fuad Məmmədovun oğlunu hüququ varisi kimi tanıyıb.

 

Qeyd edək ki, general Fuad Məmmədov 2018–2020-ci illərdə müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi olub.

 

Onun Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə),  341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirildiyi cinayət işinin ibtidai istintaqını Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi aparıb.

 

F.Məmmədov 2020-ci ildə vəfat edib.

Tarix: 17 Sentyabr 2025, 13:39   
Chosen
10
28
pravda.az

10Sources