EN

Quterreş: BMT Təhlükəsizlik Şurasının quruluşu bu günün dünyasına uyğun deyil

Quterreş: BMT Təhlükəsizlik Şurasının quruluşu bu günün dünyasına uyğun deyil

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş bildirib ki, BMT Təhlükəsizlik Şurasının islahatı son dərəcə məntiqli bir addımdır və Şuranın bu günün dünyasına uyğun olmayan quruluşa malik olduğunu vurğulayıb.

Quterreş ABŞ-ın Nyu-York şəhərində yerləşən BMT Baş qərargahında mətbuat konfransı keçirib.

Dünyadakı problemlərin həllində tıxanma yaranmasına görə Təhlükəsizlik Şurasında islahatların aparılması müzakirələrinə münasibət bildirən Quterreş deyib: “Əvvəlcə onu qeyd edim ki, Təhlükəsizlik Şurasının islahatının son dərəcə məntiqli olduğuna inanıram. Təhlükəsizlik Şurası bu günün dünyasına uyğun olmayan bir quruluşa malikdir. O, 1945-ci ilin dünyasına uyğun gəlir və bu, yalnız legitimlik problemi deyil, həm də səmərəlilik problemi yaradır.”

Baş katib əlavə edib ki, xüsusən də ciddi insan hüquqları pozuntuları və digər dramatik hadisələrin baş verdiyi hallarda Şuranın daimi üzvlərinin veto hüququnun məhdudlaşdırılması ilə bağlı təkliflər var, lakin bunları ciddiyə almaq üzv dövlətlərin öhdəliyindədir.

Quterreş bildirib ki, Təhlükəsizlik Şurasında islahat barədə davamlı şəkildə danışan ilk Baş katib özü olub.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 5 daimi üzv — ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransa, həmçinin hər iki ildən bir seçilən 10 müvəqqəti ölkə olmaqla ümumilikdə 15 üzvdən ibarətdir.

Təhlükəsizlik Şurası BMT sistemi daxilində qəbul etdiyi qərarları ilə sanksiya tətbiq etmək səlahiyyətinə malik yeganə orqan kimi fərqlənir.

Chosen
42
afn.az

1Sources